IQNA

Səkkiz İslam ölkəsinin Məscidül-Əqsaya təcavüzü qınayan birgə bəyannaməsi

9:48 - June 06, 2026
Xəbər sayı: 3500487
İQNA – Səkkiz İslam ölkəsi birgə bəyannamə yayaraq Qüdsdəki Məscidül-Əqsa həyətinə israilli köçkünlərin təcavüzünü pisləyib.

“İQNA”-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri sionist köçkünlərin Məscidül-Əqsaya təcavüzü ilə bağlı birgə bəyannamə yayıblar.

Bu birgə bəyannamədə ən sərt ifadələrlə, israilli ekstremist köçkünlərin sionist qüvvələrin mühafizəsi altında həyata keçirilən Məscidül-Əqsa həyətinə davamlı təcavüzləri, habelə onun həyətlərində İsrail bayrağının qaldırılması pislənilib. Bu təhrikedici və qəbuledilməz hərəkətlər beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin və Şərqi Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunun açıq şəkildə pozulmasıdır.

Bu ölkələrin xarici işlər nazirləri həmçinin işğalçı dövlət qismində İsrail rəsmiləri tərəfindən işğal olunmuş Şərqi Qüdsün tarixi, hüquqi və demoqrafik xarakterini dəyişdirmək, onun İslam və Xristian müqəddəs məkanlarının müqəddəsliyini və mövqeyini təhqir etmək və zəiflətmək məqsədi daşıyan davamlı pozuntuları və sistemli, qeyri-qanuni hərəkətləri də pisləyiblər.

Bəyannaməni yayanlar Qüdsdə və onun İslam və Xristian müqəddəs məkanlarında mövcud tarixi və hüquqi statusu dəyişdirməyə yönəlmiş istənilən cəhdə qəti etirazını və bu statusun qorunmasının zəruriliyini vurğulayıblar.

Bu bəyannamədə bir daha vurğulanıb ki, ümumi sahəsi 144 dönüm olan Məscidül-Əqsa kompleksinin bütün ərazisi yalnız müsəlmanlara məxsusdur və İordaniyanın Vəqf, İslam İşləri və Müqəddəs Məkanlar Nazirliyinə tabe olan Qüds Vəqf İdarəsi və Məscidül-Əqsa İşləri İdarəsi Məscidül-Əqsaya aid bütün işlərin idarə edilməsi və oraya girişin tənzimlənməsi üçün müstəsna səlahiyyətə malik qanuni səlahiyyətli orqandır.

Bəyannaməni yayanlar sionist rəsmilərini bu gərginləşdirici tədbirləri dayandırmağa cavabdeh sayır və İsrail tərəfindən bu təkrar pozuntuların vəziyyəti daha da gərginləşdirəcəyi barədə xəbərdarlıq ediblər.

Bu bəyannamədə qeyd olunub ki, gərginlik qeyri-sabitliyin və ekstremizmin alovlanmasına, sülhə nail olmaq üçün beynəlxalq səylərin zəifləməsinə səbəb olur, həmçinin İsrailin beynəlxalq hüquq üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır.

Bəyannaməni yayanlar İsrailin bütün bu qeyri-qanuni və təhrikedici hərəkətlərinin dərhal dayandırılmasına çağırıb, Məscidül-Əqsanın tarixi və hüquqi statusuna hörmət edilməsinin zəruriliyini bir daha vurğulayıb və Fələstin xalqı ilə sarsılmaz həmrəyliyini və onların qanuni və danılmaz milli hüquqlarını, o cümlədən öz müqəddəratını təyin etmək hüququ və paytaxtı Şərqi Qüds olmaqla 4 iyun 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətini qurmaq hüququnu əldə etmələri üçün qəti dəstəyini bir daha təsdiq ediblər.

4356166

captcha