IQNA

Misir Quran radiosunda Menşavinin tərtil tilavətinin yayımı virtual istifadəçilər tərəfindən rəğbətlə Qarşılanıb

9:44 - June 06, 2026
Xəbər sayı: 3500486
İQNA – Misir Ərəb Respublikasının Quran Radiosunun ilk dəfə olaraq ustad Məhəmməd Siddiq Menşaviyə aid 1960-cı illərə aid yeni bir tərtil tilavətinin yayımına başlaması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş rəğbətlə qarşılanmışdır.

“İQNA”-nın “Əl-Əhram”-a istinadən verdiyi xəbərə görə, Şeyx Məhəmməd Siddiq əl-Menşavinin adı bu məşhur qarinin Quran Radiosunda yeni tilavətinin yayımının elan edilməsindən sonra sosial şəbəkələrdə ən çox izlənənlər arasına daxil olub.

X sosial şəbəkəsinin istifadəçiləri dəfələrlə onun adını axtarış ediblər və hətta onun adı bir müddət "Arsenal" futbol klubunun adını və bir çox digər adları qabaqlayıb. Qahirədəki Quran Radiosu iki gün əvvəl Şeyx əl-Mənsəavinin səsi ilə 1960-cı illərə aid yeni bir Quran tilavətinin yayımına başlayıb.

Milli Media Təşkilatının rəisi Əhməd əl-Müsəlmani Quran Radiosunun səylərini yüksək qiymətləndirib və vəfat etmiş qarinin ailəsinə bu radiostansiyaya göstərdikləri daimi dəstəyə görə təşəkkür edib.

Quran Radiosunun rəisi İsmayıl Düveydar deyib: "Şeyx əl-Menşavinin bu tilavəti Quran Radiosunun dalğaları əbədi incilərlə zənginləşdirmək və Quranın təkrarlanmayan unikal peşəkar və humanist aspektlərini üzə çıxarmaq cəhdlərinin bir hissəsidir."

O, bildirib: "Ustad Menşavi, Quran tilavəti və təcvid üzrə görkəmli alimlərdən ibarət ixtisaslaşmış komitənin təsdiqini aldıqdan sonra, mühəndis Faruq Amir ilə birlikdə 1965-ci ildə Həfsin Asimdən nəql etdiyi qiraətə əsasən bütün Quranı yazdırıb."

Quran Radiosu şəbəkəsinin rəisi vurğulayıb: "Bu yazılar bir neçə onillik keçməsinə baxmayaraq yayımlanmamışdı. Bu media qurumu bu gündən etibarən onları yayımlamaq və dinləyicilərə misilsiz bir mənəvi təcrübə təqdim etmək, həmçinin Şeyx əl-Menşavinin bütün Quranı tərtil ilə xətm etmək üçün olan ixlas və səylərini vurğulamaq qərarına gəlib."

Məhəmməd Siddiq Menşavi 1920-ci ildə Misirin "Menşat" kəndində anadan olmuş, Misirin qızıl dövr qarilərindən biri hesab olunur. Quran tilavətini dövrünün yaxşı qarilərindən olan atası Siddiq Menşavinin yanında öyrənib.

Onun pərəstişkarları bu böyük qarinin Quran tilavətində Nəhavənd məqamındakı yüksək məharətinə və xüşu dolu oxuma tərzinə görə ona "Ağlayan səs" və "Nəhavənd məqamının kralı" ləqəbini veriblər. Bu misirli qari 20 iyun 1969-cu ildə 49 yaşında vəfat edib.

4356102

captcha