“İQNA”-nın "Rusiya Əl-Yəvm"ə istinadən verdiyi məlumata görə, ultra-ortodoks (haredi) yəhudilərin dini və siyasi liderlərinin bu bəyanatları, dindarların məcburi hərbi xidmət böhranı ilə bağlı işğal olunmuş ərazilərdəki daxili ixtilafların dərinliyini üzə çıxarıb.
Litva haredi cərəyanının ən görkəmli liderlərindən biri olan Moşe Hillel Hirş Qüdsdəki dini məktəb tələbələrinin iclasında deyib: "Haredi cəmiyyəti əsl müharibə içindədir". O əlavə edib: "Mən İranla müharibədən yox, aramızda olub bizimlə vuruşanlara qarşı müharibədən danışıram".
Hirş vurğulayıb ki, dindarlar üçün məcburi hərbi xidmət "Tövrat dünyası" adlandırdıqları şeyə birbaşa təhdiddir. O, haredilərə qarşı olanların bu dünyanı məhv etmək niyyətində olduqlarını iddia edib və haredi cəmiyyətini dini məktəb tələbələrinə hərbi xidmətin məcburi edilməsinin qarşısını almaq üçün mübarizəyə davam etməyə çağırıb.
Hərbi xidmətdən azad olunma qanunu ilə bağlı böhrana işarə edən ravvin deyib: "Bu qanunun tərəfdarları haredi gənclərinin təxminən yarısını orduya cəlb etməyə çalışırdılar, lakin onların əsl məqsədi haredi cəmiyyətinin həyat tərzini dəyişmək və onun dini institutlarını zəiflətməkdir".
"Tövrat Yəhudiliyi" dindar partiyasından olan Knesset üzvü Yaakov Aşer bu böhranı "dini müharibə" adlandıraraq bildirib ki, haredilər silahlı dəstələrə çevrilməyəcəklər, lakin öz cəmiyyətlərinə qarşı yönəlmiş addımlara cavab olaraq dini liderlərinin əmrlərinə tabe olacaqlar.
Bu bəyanatlar sionist cəmiyyətindəki artan uçurumu nümayiş etdirir. Hərbi xidmət qanunu ilə bağlı danışıqlar iki illik müzakirədən sonra dalana dirənib. Buna səbəb haredi dini liderlərinin Knessetin Xarici İşlər və Təhlükəsizlik Komitəsinin ultra-ortodoks yəhudilərin hərbi xidməti ilə bağlı təklif etdiyi plana qarşı çıxmalarıdır.
4356416