ABŞ-da fəaliyyət göstərən “Neturei Karta İnternational”ın sözcüsü xaxam Rabbi Yisroel Dovid Veiss İslam-Azeri internet qəzetinə müsahibəsində vurğulayıb ki, Azərbaycan Respublikası İsraildən uzaq durmalıdır.
“Neturei Karta İnternational”ın sözcüsü əlavə edib: "Bizim sionizmlə müxalif və düşmən olmağımıza əsas səbəb musəvi, yəni əsl yəhudi olmağımızdır. Musəvilik bir dindir, sionizm isə dini təhrif edən bir cərəyandır. Bu cərəyanın əsas hədəflərindən biri musəviliyi öz xəttindən uzaqlaşdırmaqdır. Tövrata əsasən və əsl musəviliyə görə, dövlət qurmaq qəti qadağandır. Əsl musəvilər Allahdan bir aşkar möcüzə gözləyirlər ki, insanlar bir bayraq altında firavan yaşamaq üçün birləşsinlər. Sionistlər isə bunun tam əleyhinədirlər. Bu da bizim sionistlərin düşməni olmağımızın səbəblərdən biridir."
Yəhudi xaxam əlavə edib: "Sionistlər musəvilik adı altında Fələstini işğal ediblər və fələstinlilərin qanı üstündə bir dövlət qurmaq istəyirlər. Tövrata görə bu qadağan olduğundan biz İsraili qeyri-qanuni sayırıq. Yəni bu qondarma bir rejimdir. Biz musəvilərin, yəni əsl yəhudilərin heç bir kəslə, heç bir millətlə problemimiz yoxdur. Biz dünyada sülh olması üçün dua edirik".
Xaxam Rabbi Yisroel Dovid Veiss "anti-semitizm" haqqında deyib: "Bu sionistlərin qondardığı bir düşüncədir. Kim onları qəbul etmir, onlara "anti-semit" adı qoyurlar. Əslində yəhudiliklə düşmən olan yoxdur. Sionizmlə düşmən olanlar həqiqəti bilənlərdir".
ABŞ-da fəaliyyət göstərən “Neturei Karta İnternational”ın sözcüsü sonda deyib: "Məndə olan məlumata görə Azərbaycan höküməti İsrail rejimi ilə yaxın münasibət qurub. Bu çox təhlükəlidir. Sionizm insanlıq əleyhinə yaradılan bir cərəyandır. Bu baxımdan onların Azərbaycana heç bir xeyri olmayacaq. Azərbaycana İsraildən uzaq durmaq gərəkdir. "