İQNA Quran Xəbər Agentliyi: “Deyerlerin müsahibəsi”İslam dünyasının ən böyük bayramı, təravətli Ramazan bayramı (Fitr bayramı) yaşanmaqdadır. Azərbaycan xalqı da bu möhtəşəm bayramı əsrlər boyunca olduğu kimi, indi də böyük təmtəraqla, sevinclə qarşılayır. İnsanlar bu bayramda bir-birilərini təbrik edər, bayram namazları üçün bir yerə toplaşar, fitrə zəkatı çıxardar, daha sonra isə bayramlaşmaq üçün qohumlara baş çəkər, dünyadan köçmüşlərin məzarlarını ziyarət edərlər. Hər kəs Fitr bayramını böyük anlamda dərk etməyə çalışar - əsası isə, onu Allaha aparan vasitə, mənəvi qayğıları dərk etmək üçün fürsətli bir gün kimi dərk edər. Bəs ölkəmizin tanınmışları necə, bu bayramı hansı coşqu ilə yaşayırlar. Ölkənin bir sıra tanınmış ictimaiyyət, mədəniyyət, incəsənət xadimləri ilə mübarək Fitr bayramı təəssüratlarını bölüşdük. Hazırki müsahibimiz xalq artisti Həmidə Ömərovadır:
- Həmidə xanım, sizin üçün Fitr bayramı nə anlamdadır?
- Fitr bayramı – savab bayramıdır. Yəni, bu bayramda hər kəs savab qazanmaq imkanına malik olur. Əl tutmaq Həzrət Əlidən (ə) qalıb deyirlər. Hər kəs bu bayramda öz yaxınına, qohumuna, ehtiyacı olanlara əl tutmalıdır. Bu bir hörmət əlamətidir, bu bir müsəlmançılıq əlamətidir. Bu, insanın qəlbinin genişliyi deməkdir, mərhəmət hissidir. Doğma bir hissdir ki, insanda olması çox vacibdir. Çünki, mərhəmətsiz, rəhimsiz insan, heç zaman vicdanlı ola bilməz. Bu bayram da elə göründüyü kimi, insanı vicdanlı edən bir bayramdır. Qəlbimizin genişliyini göstərmək üçün fürsətlər yaradan bir bayramdır. Mənə elə gəlir ki, biz il boyu belə olmalıyıq. Amma, yaxşılığı etməyi unudanlar, vicdanı susanlar, heç olmasa bir gün ətrafında imkansızların olmasını hiss edə bilərlər.
- Bu bayramda xalqımıza nə diləyərdiniz?
- İlk növbədə xalqımıza firavanlıq, can sağlığı arzu edərdim. O gün olsun ki, xalqımızın torpaqları azad edilsin və bu bayram məhz həmin yerlərdə də qeyd olunsun. Millətimizə bu müqəddəs, gözəl, nurani bayramı firavanlıq içərisində qeyd etməyi Allahdan diləyirəm.
Qeyd İqna: Həmidə Ömərova İran kinomatoqrafçılarının istehsalı olan və CineSalam şirkəti tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Həzrət Yusif (ə) filmində Züleyxa obrazını səslədirib.