İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, Mərkəzi Bank minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni, cari fəaliyyətini etibarlı, prudensial qaydada həyata keçirmədiyinə, Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə “Debütbank” ASC və “Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edib. MB-nin qərarı ilə “Debütbank” və “Kövsərbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.
Qeyd edək ki, “Kövsərbank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib. Təsisçisi bir neçə yerli fiziki şəxs olan “Debütbank” ASC isə 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7 filialı mövcuddur. Bank son illər ərzində maliyyə göstəricilərini açıqlamayıb.