IQNA

“Təzəpir” məscidindəki toplantı ləğv edildi

10:36 - January 10, 2011
Xəbər sayı: 2061896
Beynəlxalq şöbə: Bir qrup ilahiyyatçı müsəlmanlara müraciət edərək, yanvarın 12-də “Təzəpir” məscidində planlaşdırılan QMİ sədrinə dəstək toplantısının keçirilməyəcəyini bildirmişlər.
İQNA Quran agentliyi deyerler.org saytına istinadən məlumat verir ki, müraciətdə bildirilir ki, hicab mövzusunda müsbətə doğru ciddi dəyişikliklərin yaranması səbəbindən, “Təzəpir” məscidində keçiriləcək dəstək aksiyası aktuallığını itirmişdir. Belə ki, daxil olan müəyyən məlumatlar yaxın zamanlarda hicab probleminin həlli istiqamətində müsbət dəyişikliklərin olacağını güman etməyə imkan verir.

Yaranmış şəraitdə bu aksiyanın keçirilməsinin məsələnin müsbət həllinə fayda verməyəcəyini nəzərə alan ilahiyyatçılar, onun gündəmdən düşməsini müsəlmanların nəzərinə çatdırmışlar.

Müraciəti Hacı İlqar İbrahimoğlu, Hacı Şahin Həsənli, Hacı Əhliman Rüstəmov, Hacı Yüsif Bağırov, Hacı İqbal Novruzov, Hacı Ceyhun Cəfərov, Hacı Elşən Mustafaoğlu, Hacı Mir Mehdi Hüseyni, Hacı Bəxtiyar Hüseynov qəbul etmişlər.

Qeyd edək ki, Təhsil naziri Misir Mərdanov hicablı şagirdlərin dərslərdə iştirakı ilə bağlı müxbirin sualına cavab verərkən, ötən gün ANS-in efirində demişdir: "Biz bu şagirdlərin dərsdən kənarda qalmasını istəmirik. Təhsillə təmin etmək - bizim vəzifəmizdir. Odur ki, hicablı şagirdlər valideynləri ilə birgə məktəbə gəlsinlər və dərslərdə iştirak üçün direktora müraciət etsinlər".
captcha