İQNA – Həzrət Əli (ə) hərəmi, İslam Peyğəmbərinin (s) vəfatının ildönümü münasibətilə Nəcəfi-Əşrəfə gələn zəvvarların sayının beş milyon nəfər olduğunu açıqlayıb.
“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə (VA) istinadən verdiyi məlumata görə, Həzrət Əli (ə) hərəminin sözçüsü Heydər Rəhim mətbuat konfransında bildirib: "Peyğəmbər Əkrəmin (s) vəfatı ildönümü mərasimində beş milyon zəvvar iştirak edib."
Rəhim əlavə edib: "Bu ziyarət zamanı Nəcəfin köhnə şəhər hissəsində 300-dən çox matəm dəstəsi, 500 xidmət karvanı və 2500 könüllü fəaliyyət göstərib, həmçinin 250 mindən çox yemək paylanılıb."
Həzrət Əli (ə) hərəminin sözçüsü qeyd edib: "Zəvvarların geri qayıtması üçün 100 nəqliyyat vasitəsi ayrılıb və hərəmin beş tibb qrupu da bu ziyarətdə xidmət göstərib."
Eyni zamanda, Nəcəfi-Əşrəf valisi Yusif Kənavi də bu konfransda bütün əyalət qurumlarının ziyarətin uğurla keçməsində rol oynadığını vurğulayaraq, zəvvarlara xidmət edən hər kəsə təşəkkürünü bildirib.
Digər tərəfdən, Milyonluq Mərasimlər üzrə Xidmət Komitəsinin rəhbəri Əli Ruzuqi Əl-Lami bildirib ki, hökumətin zəvvarların rahat və təhlükəsiz qayıtmasını təmin etmək səyləri çərçivəsində, o, şəxsən zəvvarların Nəcəfi-Əşrəfdən İraqın digər əyalətlərinə qayıtma prosesinə birbaşa nəzarət edir.
İraq Baş nazirinin ofisi də bəyanat yayaraq bildirib: "Xidmət Komitəsi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə nəqliyyat vasitələrinin hərəkətinə, marşrutlara və zəvvarların çıxışının təşkilinə nəzarət edir ki, bu da tıxacların azaldılmasına, zəvvarların öz əyalətlərinə daha sürətli çatmasına və qayıdış yollarında lazımi xidmətlərin göstərilməsinə kömək edir."
4369489