İQNA – Sosial şəbəkələrdə yayılan bir video, ABŞ-dakı parkların birində bir kişinin iki müsəlman qıza şifahi təhqir etdiyini göstərir.
“İQNA”-nın "Əl-Ərəbi"yə istinadən verdiyi məlumata görə, ABŞ-da ictimai parkda iki müsəlman qızın hicablı olduqları üçün bir kişi tərəfindən şifahi təcavüzə və təhqirə məruz qaldıqlarını əks etdirən video yayılıb.
Bu video sosial şəbəkələrdə geniş şəkildə yayılaraq böyük marağa səbəb olub.
Videoda kişinin qızlara qarşı təhqiramiz və irqçi ifadələr işlətdiyi, onların hicabını tənqid etdiyi və onlara başqa ölkəyə qayıtmalarını söylədiyi görünür. O, qızlara deyir: "Siz Amerikada yaşayırsınız, o şeyi başınıza taxmamalısınız." O, sözlərinə belə davam edir: "Beləcə Meksikaya gedin və görün sizə nə edirlər."
Qızlar onun təxribatlarına məhəl qoymayıb və heç bir münaqişəyə girmədən yollarına davam ediblər.
Bu hadisə ABŞ prezidenti Donald Trampın öz rəsmi "Truth Social" hesabında Minnesota ştatındakı somalili əsilli hicablı gənc qızlara qarşı nifrət nitqini təşviq etdiyi kimi qiymətləndirilən bir videonu paylaşmasından bir ay sonra baş verir.
Həmin videoda Minnesota ştatının Sent-Pol şəhərindəki bir məktəbdə məzuniyyətlərini qeyd edən gənc qızlar əks olunub. Məzun geyimli və ağ yaylıqlı qızlar şənliklə mahnı oxuyurlar.
ABŞ prezidentinin bu paylaşımı ictimai qəzəbə səbəb olub. Minnesota ştatının qubernatoru Tim Uolz, şagirdlərin hicab kimi dini geyimlər geyinmək hüququna zəmanət verən ABŞ Konstitusiyasına edilən Birinci Düzəlişi görməzdən gəldiyi üçün prezidenti kəskin şəkildə tənqid edib.
ABŞ-dakı ən böyük müsəlman təşkilatı olan Amerika-İslam Əlaqələri Şurası (CAIR) bildirib ki, Tramp öz mövqeyindən istifadə edərək ABŞ-da islamofobiya və qərəzliliyi gücləndirməklə uşaqların həyatını ciddi təhlükə altına atır.
4369546