İQNA – Fələstin Alimləri Assosiasiyası İbrahim məscidinin yəhudiləşdirilməsinin güclənməsi ilə bağlı xəbərdarlıq edib və müqəddəs yerlərin qorunmasına çağırıb.
“İQNA”-nın “əl-Ədalə vət-Tənmiyyə” partiyasının saytına istinadən verdiyi məlumata görə, Fələstin Alimləri Assosiasiyası işğalçı İsrail qüvvələrinin İbrahim məscidini namaz qılanların və ziyarətçilərin üzünə bağlaması, eyni zamanda məskunlaşanlara (yəhudi köçkünlərə) ora daxil olub öz ayinlərini yerinə yetirməyə icazə verməsi fonunda, sionist rejimin Fələstindəki müqəddəs yerlərə qarşı apardığı müharibənin şiddətlənməsi ilə bağlı xəbərdarlıq edib.
Assosiasiyanın cümə axşamı yaydığı bəyanatda deyilir: "Məscidin bağlanması, namaz qılanların ora girişinin əngəllənməsi, namaz vaxtlarının bölüşdürülməsi və məskunlaşanlar üçün ayinlərin icrasına şərait yaradılması məscidə nəzarət etmək, onu yəhudiləşdirmək və orada yeni reallıq yaratmaq üçün görülən sərt tədbirlərin bir hissəsidir".
Assosiasiya vurğulayıb: "İbrahim məscidi birmənalı olaraq İslam məscidi və vəqfidir". Qurum İsrailin buna qarşı atdığı addımları İslamın müqəddəs yerlərinə hücum kimi qiymətləndirib və bunu Məscidül-Əqsanın İslam kimliyini hədəf alan addımlarla əlaqələndirib. Assosiasiya Xəlil və İordan çayının qərb sahilinin sakinlərini İbrahim məscidində iştiraklarını, namazlarını və gecə ibadətlərini artırmağa, qədim şəhərə və onun vəqflərinə sahib çıxmağa, həmçinin məscidə qarşı edilən hücumları sənədləşdirməyə çağırıb.
Həmçinin İslam dünyasının alimləri, vəqf nazirlikləri, İslam qurumları, ərəb və İslam ölkələri öz məsuliyyətlərini dərk edərək İbrahim məscidi, Məscidül-Əqsa və Fələstinin bütün müqəddəs yerlərini müdafiə etməyə, yəhudiləşdirmə prosesini dayandırmaq üçün işğalçılara qarşı siyasi, hüquqi və iqtisadi təzyiqlər göstərməyə çağırılıb.
Qurum vurğulayıb: "İbrahim məscidi İslam məscidi olaraq qalacaq və işğalçıların zorla tətbiq etdikləri onun İslam kimliyini dəyişməyəcək". Assosiasiya müqəddəs yerlərin bütün qanuni vasitələrlə qorunmasını tələb edib.
Bundan əlavə, sionist işğalçı qüvvələr çərşənbə günü səhər saatlarında Xəlilin qədim şəhərindəki İbrahim məscidini tamamilə bağlayıb. Mənbələrin verdiyi məlumata görə, bu hərbi addım fələstinli namaz qılanların və ziyarətçilərin məscidə girişinin qarşısını almaq üçün atılıb ki, bununla da "yəhudi bayramları" bəhanəsi ilə sionist məskunlaşanların məscidə kütləvi basqınına şərait yaradılsın və nəticədə bu tarixi məkanda İslam dini mərasimləri pozulsun.
4369634