İQNA – İslam Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Bürosunun üzvü Basim Naim vurğulayıb ki, İsrail ordusunun bu gün Qəzzada həyata keçirdiyi sui-qəsdlər, xüsusilə Qəzza şəhərinin polis rəisinin hədəf alınması, razılaşmanın təminatçılarına göndərilən "odlu bir mesaj"dır.
“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, o, əlavə edib ki, bu hərəkətlər Benyamin Netanyahunun "Sülh Şurası" nümayəndələrinin Fələstin qrupları ilə müzakirə etdiyi və çətin olmasına baxmayaraq, qrupların qəbul etdiyi "yol xəritəsi"nə qarşı olduğu barədə bəyan etdiyi mövqeyi praktikada təsdiqləyir.
Naim vurğulayıb ki, bu vəziyyətin davam etməsi Netanyahunun seçki gündəliyinə təslim olmaq deməkdir.
Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) da bir bəyanat yayaraq, cinayətkar "İsrail" ordusu tərəfindən Qəzza əyalətinin mülki polis rəisi polkovnik Camal Əbu Kamilin sui-qəsdlə öldürülməsini pisləyib. Hərəkat bu addımı işğalçı cinayətkarın mahiyyətini ortaya qoyan vəhşi və xain bir cinayət kimi qiymətləndirib.
Bəyanatda deyilir: "Cinayətkar 'İsrail' ordusunun Qəzza əyalətinin mülki polis rəisi polkovnik Camal Əbu Kamilə qarşı həyata keçirdiyi sui-qəsd əməliyyatı, işğalçıların Fələstin xalqına qarşı vəhşi cinayətlər törətməkdə israrlı olduğunu və Qəzza zolağında xaos və qanunsuzluq yaratmaq üçün onların faşist və ümidsiz cəhdlərini davam etdirdiyini göstərir".
HƏMAS vurğulayıb: "Bu vəhşi və xain cinayət, işğalçının həqiqi simasını və onun soyqırım müharibəsini davam etdirmək, Qəzza zolağındakı humanitar fəlakəti dərinləşdirmək və bölgəni xaos vəziyyətinə sürükləmək siyasətini ifşa edir ki, bu da tamhüquqlu hərbi cinayət hesab olunur".
Hərəkat bəyanatının sonunda vasitəçiləri "İsrail"in təkrar olunan pozuntularını dərhal dayandırmaq, onu mühakimə etmək və bu rejimi Qəzza zolağında Şarm əş-Şeyx atəşkəs razılaşmasının müddəalarına dərhal riayət etməyə məcbur etmək üçün təcili hərəkətə keçməyə çağırıb.
4369655