İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) interAz-a istinadən verdiyi məlumatına göre, bu məqsədlə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.Toplantıda DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komitə sədri bildirib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.
Dini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli-mənəvi, dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.
Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.