İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyli-estar" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü bəyanat yayaraq, Ərəbistan şiələrinin mənəvi lideri sayılan Şeyx Nəmər Baqir əl-Nəmər və daha 46 nəfər haqda çıxarılan edam hökmünün icra edilməsindən xəbər verib.
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda bildirir ki, bu şəxslər şənbə günü (bu gün) "terrorizmdə” ittiham olunaraq edam ediliblər.
Bəyanatda bildirilir ki, edam olunan şəxslərin əksəriyyəti 2003-2006-cı illərdə təşkil olunan hücumlarda həbs olunublar. Onların çoxunu Əl-Qaidə ilə əlaqələri olduğu iddia olunur.
Şeyx Nəmər 2012-ci ilin iyul ayında, şiə sakinli Qətif məntəqəsində Ali-Səur rejiminə qarşı 2011-ci ildən başlanan etirazların genişlənməsinin ardınca təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək, həbs edilmişdi. 4 güllə yarası alan Şeyx Nəmr o zamandan bəri lazımi tibbi yardımlar göstərilmədən, ağır şəraitdə həbs həyatı yaşayırdı.
Ərəbistan rəsmilərinin Şeyx Nəmrdin müalicəsinə icazə verməmələri, onun yaralarının ağırlaşmasına səbəb olmuşdu.
Ərəbistan məhkəməsi 2014-cü ilin oktyabrında Şeyx Nəmr Baqir əl-Nəmr barədə edam hökmü çıxartmışdı.
Məlumata görə, bu şəxslərin edamı Səudiyyə Ərəbistanın 12 müxtəlif bölgəsində həyata keçirilib.
Şeyx Nimr Səudiyyə rejiminin ən tanınmış siyasi məhbuslarından biri idi. O 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olmuşdu.
Şeyx Nimr ölkənin təhlükəsizliyini pozmaqda, hökumətə qarşı və siyasi məhbusların müdafiəsi üçün çıxışlar etməkdə ittiham olunurdu.
Qeyd edək ki, Ərəbistanın Ali və Kassasiya məhkəmələri 2015-ci ilin oktyabr ayında ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq etmişdi. Bu hökmə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildirmişdilər.