"İQNA"-nın məlumatına görə, İraqın Əmək və Sosial Məsələlər Nazirliyinin Uşaq Rifahı İdarəsi, İraq Uşaq Günü münasibətilə nazirliyin mərkəzi ofisində keçirilən tədbirdə, Milli Quran Elmləri Mərkəzi tərəfindən təşkil olunan yay Quran kurslarının əlaçı şagirdlərinə təltiflər təqdim edib.
Mərasimdə İraqın Əmək və Sosial Məsələlər nazirinin müavini Hüda Səccad Mahmud və İraq Milli Quran Elmləri Mərkəzinin direktoru Rafi əl-Amiri iştirak ediblər.
Tədbir yay Quran kurslarının bir neçə şagirdi tərəfindən Quran tilavəti ilə başlayıb. Daha sonra uşaqlar üçün Quran kurslarının təşkili, Quran istedadlarının yetişdirilməsi və ictimaiyyətə xidmət məqsədilə Əmək və Sosial Məsələlər Nazirliyinin Uşaq Rifahı İdarəsi ilə əməkdaşlığa görə mərkəzin direktoru Rafi əl-Amiri mükafatlandırılıb.
Qeyd edək ki, iyulun 13-ü İraq Uşaq Günü kimi qeyd olunur və bu tarix 2005-ci ildə Bağdadın "ən-Nəyriyyə" bölgəsində baş vermiş faciəni xatırladır. O zaman terrorçular İraq əsgərlərinin hədiyyə payladığı yerə toplaşan bir qrup günahsız uşağı hədəf almışdı. Bu hadisə 34 uşağın şəhid olması və onlarla insanın yaralanması ilə nəticələnmişdi.
Bu cinayət sadəcə ötəri bir hadisə deyil, illərlə davam edən zorakılıqlar nəticəsində İraq uşaqlarının çəkdiyi əzabların simvoluna çevrilib. Bu günün milli bayram kimi təsdiq edilməsi uşaqların müharibənin, terrorizmin və münaqişələrin dağıdıcı təsirlərindən qorunması zərurətini vurğulayır.
436604