IQNA

Myanmarda Banqladeşə qaçan Rohingiya müsəlmanları geri qaytarılır

11:28 - November 24, 2016
Xəbər sayı: 3481039
Tehran, 24.11.2016 - Banqladeş polisi Myanmar təhlükəsizlik qüvvələrinin zülmü və zorakılıqlarından qaçaraq bu ölkəyə pənah gətirən onlarla Rohingiya müsəlmanını geri qaytarır.


Myanmarda Banqladeşə qaçan Rohingiya müsəlmanları geri qaytarılır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Banqladeşin Kakses sərhəd bölgə polisinin rəisi Şiyamul Kumarnes ötən gün deyib ki, təhlükəsizlik qüvvələri 70 Rohingiya müsəlmanını həbs edib və Myanmara geri qaytarıb. "Biz onların Banqladeşə qanunsuz girişindən sonra onları həbs etdik və Myanmara qaytardıq”.

Bildirilir ki, son iki gündə 500-dən çox Rohingiya müsəlmanı gecə Banqladeş torpaqlarına qaçıb. Son günlər ərzində isə Myanmardan Banqladeşə 2 mindən çox müsəlman keçib.

Banqladeş polisi Myanmarın Raxin əyalətində qarşıdurmalar başladıqdan sonra sərhəddə təhlükəsizlik qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib. Polis son 3 gündən 1000-dən çox Rohingiya müsəlmanın Banqladeşə keçməsinin qarşısını alıb.

Rohinqiya müsəlmanları rəhbərləri elan edir ki, Banqladeşdən geri qaytarılan müsəlmanların canı təhlükədədir. "Bizim məlumatımız var ki, Myanmar ordusu Banqladeşdən geri qaytarılan müsəlmanları öldürür. Ordu onların kəndlərini yandırır və qohumlarını öldürür” -deyə Rohingiya müsəlmanların rəhbərlərindən biri Fransa xəbər agentliyinə deyib.

BMT Banqladeşdən istəyib ki, Myanmarda zorakılıqlar artdığı üçün sərhədlərini qaçqınların üzünə açsın. Hazırda 32 min Rohingiya müsəlman qaçqını qanuni qeydiyyatdan keçərək Banqladeşin cənub-şərqində yerləşdirilib.

Qeyd edək ki, Raxin vilayəti 9 oktyabrdan sonra baş verən toqquşmalardan sonra güclü təhlükəsizlik tədbirlərinin şahididir. Belə ki, Myanmar hökuməti iddia edir ki, guya həmin gün müsəlmanlar təhlükəsizlik qüvvələrinə hücum edib və 9 polisi öldürüb.

Son bir ay ərzində ordunun müsəlmanlara qarşı zorakılıqları nəticəsində 100-dən çox müsəlman öldürülüb.

captcha