IQNA

“Ğürərul- Hikəm və Dürərul-Kəlim” kitabı barədə qısa tanışlıq

20:44 - February 03, 2018
Xəbər sayı: 3482724
Dəyərli “Ğürərul- Hikəm və Dürərul-Kəlim” hədislər ensiklopediyası Həzrət İmam Əlinin (ə) hikmətli qısa kəlamları toplusudur ki, bu mövzuda “Nəhcül-Bəlağə”dən sonra ikinci kitab hesab edilir.

“Ğürərul- Hikəm və Dürərul-Kəlim” kitabı barədə qısa tanışlıqİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): “Ğürərul- Hikəm və Dürərul-Kəlim” kitabı İmam Əlinin (ə) hikmətli kəlamları toplusudur ki, bu mövzuda “Nəhcül-Bəlağə”dən sonra ikinci kitab hesab edilir.
Kitabın müəllifi Qazi Nasihuddin Əbulfəth Əbdül-Vahid ibn Məhəmməd ibn Əbdül-Vahid Təmimi Amudi adlı Diyarbəkirli alimdir.
O, 5-ci hicri-qəməri əsrinin ortalarında Diyarbəkrin Dəcələ- Fərat yaxınlığında yerləşən “Amud” adlı şəhərində anadan olmuşdur. Alimin vəfat tarixi barədə isə iki rəy vardır. Bəziləri 510-cu ildə, digərləri isə 550-ci ildə vəfat etdiyini yazırlar. Bəzən də 510-cu ili onun doğum tarixi kimi göstərirlər. Əgər 510-cu il doğum və 550-ci ildə vəfat tarixi olarsa, müəllif 6-cı əsrin alimlərindəndir və 40 yaşında ikən vəfat etmişdir.
Rical alimləri onu şiələrin tanınmış və mötəbər mühəddislərindən və din alimlərindən biri hesab edirlər.
O, məşhur “əl-Mənaqib” kitabının müəllifi İbn Şəhraşubun ustadıdır. Şəhraşub “Ğürərul-Hikəm” kitabını rəvayət etmək üçün “Amudi”dən icazə almışdır.
Əbdül-Vahid ibn Məhəmməd Təmimi Amudi bu kitabda İmam Əlinin (ə) qısa hikmətli kəlamlarından ibarət olan 11129 (on bir min yüz iyirmi doqquz) hədis toplamışdır.
Bu kitaba indiyədək müxtəlif şərh, təsnif, xülasə, əlavə (istidrak, təkmilə) və tərcümə yazılmışdır.
Həmin zəhməti Peyğəmbərin (s) hikmətli kəlamları üçün də çəkmiş, Həzrətin (s) hədislərini toplayaraq “əl-hikəm vəl-əhkam min kəlami seyyidil-ənam” adlı kitabı yazmışdır. Bəziləri bu kitabın adının “Cəvahirul- Kəlam” da olduğunu deyiblər.
Müəllif kitabın müqəddiməsində deyir: “Gördüm ki, Əbu Osman Cahiz ibn Əmr ibn Bəhr Bəsri (vf. 255 hq) “Miətu kəlimətin” adlı bir kitabda İmam Əlidən (ə) hədisləri toplayıb, amma təkcə 100 hədis yazıb. Buna görə də qərara gəldim ki, O həzrətin (ə) kəlamlarını bir yerə toplayım. Amma etiraf edirəm ki, bu yazdığım da İmamın (ə) elminin sahilsiz dəryasından bir qətrədir”.
Bu kitabın ən yaxşı şərhi dövrünün əqli və nəqli elmlərdə tanınmış alimi Ağacamal Məhəmməd ibn Hüseyn ibn Cəmaluddin Məhəmməd Xansarinin (vf. 1122 hq) şərhidir ki, qədim çap üsulu ilə iki cilddə yazılmış və Mühəddis Urməvinin təshihi ilə müasir çap formatında 7 cilddə çap edilmişdir.
Ağacamal Xansari Şeyx Bəhai, Əllamə Məclisi və atası Şeyx Hüseyn Xansarinin şagirdi olmuş və atasından sonra şiələrin dini rəhbərliyini öhədisnə götürmüşdür. İbn Sinanın “Şəfa” və “İşarat” kitablarına haşiyə yazmışdır.
Amudidən sonra İmam Əlinin (ə) kəlamlarını toplamaq qərarına gələn Kafiddin Əbulhəsən Əli ibn Məhəmməd ibn Həsən ibn Əbi Nəzal Leysi Vasiti (6-cı hicri-qəməri əsri) “Ğürərul-Hikəm” kitabına əlavələr edərək hədisin sayını əlimizdə olan natamam nüsxəyə əsasən 13268 hədisə çatdırır və kitabının adını “Uyunul-Hikəm” (hikmət çeşmələri) qoyur.
Müasir dövrdə isə Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Fondu”nun “hədis qrupu” müasir dövrdə mövcud olan kitablardan İmam Əlinin (ə) xütbə, məktub, vəsiyyətnamə, nəsihətnamə və qısa hikmətli kəlamlarını bir yerə toplayaraq “əl-Hikəm min kəlamil-İmam Əmiril-Mominin Əli (ə)” adlı ensiklopdeiyada toplayıblar. Bu hədisin toplusunda İmam Əlidən (ə) 15978 hədis nəql edilmişdir. 
Mirməhəmməd Bəşir

https://t.me/hediselmleri/20

captcha