“Əl-Xəlif” qəzetinin xəbərinə görə, BƏƏ İslam İşləri, Vəqflər və Zəkat üzrə Baş İdarəsinin rəhbəri və Beynəlxalq Quran Mükafatının sədri Ömər Həbtur Əd-Dərei bildirib ki, bu idarə tərəfindən təşkil olunan və beş beynəlxalq və yerli bölməni əhatə edən mükafat tədbirləri 1 noyabr tarixində geniş ictimai iştirakı ilə başlayacaq.
O, Əbu-Dabidəki mükafatın mərkəzi ofisinə baş çəkib və mükafatın yerli qolunun (ilk yerli Quran mükafatı) ilkin mərhələlərinə hazırlıqları nəzərdən keçirib. Bu mərhələlər cəmiyyətin müxtəlif təbəqələrini və yaş qruplarını əhatə edən 9 bölmədən ibarətdir. Bölmələrə Quranı əzbərləmə, tilavət və icra daxildir. Burada vətəndaşlar və sakinlər, yaşlılar, əlillər, ev işçiləri, Quran müəllimləri və hifz nəzarətçiləri hər bölmə üzrə müəyyən edilmiş meyarlara əsasən bir-birilə yarışacaqlar.
Əd-Dərei mükafat məsullarının iştirakı ilə bir iclas keçirib, orada görülən işləri və yarışmanın vaxt cədvəlinə uyğun gedişatını müzakirə edib. O, məsullara göstəriş verib ki, səylərini ikiqat artırsınlar və yaradıcı yeniliklərlə daha yüksək nəticələr əldə etsinlər.
Mükafat beş yarışma bölməsindən ibarətdir:
Birinci bölmə – ölkə daxilində və xaricdə keçirilən beynəlxalq Quran müsabiqələrinin ən yaxşı qari(lər)inə həsr olunub.
İkinci bölmə – BƏƏ Beynəlxalq Quran Mükafatının yerli müsabiqəsinin qaliblərini əhatə edir.
Üçüncü bölmə – Qurana və onun elmlərinə beynəlxalq səviyyədə mühüm xidmətlər göstərmiş Quran şəxsiyyətlərinə aiddir.
Dördüncü bölmə – “BƏƏ qarisı” adlanır və yerli qariləri dəstəkləmək məqsədi daşıyır.
Beşinci bölmə – Qurana həsr olunmuş, BƏƏ-də və ya xaricdə fəaliyyət göstərən dövlət qurumlarını əhatə edir.
Müsabiqəyə qeydiyyatın son tarixi 31 oktyabr 2025-ci il elan olunub. Qeydiyyat üçün tələb olunan sənədlər bunlardır: pasportun surəti, təqdim edən qurumun möhürü ilə təsdiqlənmiş qeydiyyat forması və bir ədəd şəxsiyyət şəkli.
Müsabiqə iştirakçıları Quranın bütün məzmununu əzbər bilməli, təcvid və tilavət qaydalarına dərindən bələd olmalı, həmçinin gözəl səsə malik olmalıdırlar. İştirakçıların yaşı 35-dən çox olmamalıdır.
Bundan əlavə, iştirakçıların yaşadığı ölkələrdəki rəsmi və etibarlı qurumlar tərəfindən müsabiqəyə təqdim olunmaları vacibdir. Fərdi qaydada, yəni rəsmi təqdimat olmadan edilən müraciətlər qəbul edilməyəcək.
Müsabiqəyə qatılmaq istəyənlər son üç il ərzində və BƏƏ Quran müsabiqəsinin ikinci dövrəsindən əvvəl keçirilmiş beynəlxalq səviyyədə tanınmış və təsdiqlənmiş müsabiqələrdə ilk üç yerə layiq görülmüş olmalıdırlar.
İştirakçılar beynəlxalq münsiflər heyəti tərəfindən keçiriləcək yazılı və şifahi imtahanlarda iştirak edəcəklər. Onlar həmçinin müsabiqənin bütün mərhələlərində davranış və nizam-intizam qaydalarına riayət etməlidirlər.
4313507