IQNA

Ən qədim İslam kitabxanası Londonda bağlanma təhlükəsi ilə üz-üzə

7:37 - October 27, 2025
Xəbər sayı: 3499101
İQNA - Londonun ən qədim İslam kitabxanası 40 ilə yaxın fəaliyyətdən sonra maliyyə problemləri səbəbilə bağlanma təhlükəsi ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Qardian”a istinadən “Darul-Təqva” adlı bu kitabxana dörd onillik boyu Britaniyada mədəni fəaliyyət, dini maarifləndirmə və intellektual mühitin formalaşmasında mühüm rol oynayıb.

Kitabxana təkcə İslam kitablarının satıldığı bir dükan deyildi. O, açıldığı gündən bəri mədəni dialoq, elmi araşdırmalar və müsəlmanlarla britaniyalı ziyalıların görüşləri üçün mühüm bir məkan kimi tanınıb.

Britaniyada müstəqil fəaliyyət göstərən ən qədim İslam kitabxanası hesab edilən bu mərkəz Londonun mərkəzində, məşhur Beyker küçəsinə yaxın bir ərazidə yerləşir və hazırda ciddi maliyyə çətinliyi ilə üzləşib. Təxminən 40 illik dini, mədəni və maarifçilik xidmətindən sonra onun fəaliyyətinin davamı sual altındadır.

1985-ci ildə misirli nəşriyyatçı Samir əl-Attr tərəfindən təsis edilmiş Darul-Taqva, sadəcə kitab satmaqla kifayətlənməyib. O, mülayim İslam düşüncəsinin yayılmasına, oxu və düşüncə mədəniyyətinin təşviqinə çalışıb. Bu fəaliyyət xüsusən də ciddi dini və mədəni mənbələrin az olduğu dövrdə böyük əhəmiyyət daşıyıb.

2022-ci ildə müəssisənin qurucusunun vəfatından sonra idarəçilik onun həyat yoldaşı, Lids şəhərində İslama gələn Nora əl-Attr’a keçib. 69 yaşlı Nora bildirir ki, Darul-Taqva əvvəldən ictimai dəstək ilə fəaliyyət göstərib və bank kreditlərinə söykənməyib. Lakin indi kitabxananın təcili olaraq 25 min funt sterlinq maliyyəyə ehtiyacı var. Bu vəsait kirayə və gündəlik xərcləri qarşılamaq üçün tələb olunur. Satışların azalması və Londondakı yüksək yaşam xərcləri vəziyyəti daha da ağırlaşdırıb.

Tarixən Darul-Taqva Britaniyada İslam mədəniyyəti səhnəsinin mühüm bir institutu olub. Burada akide, İslam düşüncəsi, siyasət, müxtəlif Avropa dillərinə tərcümə edilmiş Quran nüsxələri, həmçinin uşaqlar və yeniyetmələr üçün dini-mədəni nəşrlər geniş şəkildə təqdim olunub.

Kitabxana London Mərkəzi Məscidinin yaxınlığında yerləşdiyindən dünyanın müxtəlif ölkələrindən gələn alimlər, vaizlər və tədqiqatçılar üçün görüş və fikir mübadiləsi məkanı olub. Burada Şərqlə Qərb arasında mədəni əlaqə üçün açıq bir platforma formalaşıb.

Lakin son on il ərzində nəşriyyat və satış sahəsində baş verən rəqəmsal dəyişikliklər bu müəssisəni də çətin vəziyyətə salıb. E-kitablar və onlayn alış-verişin yayılması ilə kitab mağazasına müraciət edənlərin sayı azalıb. 1996-cı ildən burada çalışan işçilərdən biri bildirir: “İndi insanlar kitabları onlayn oxuyur, buna görə də bizdən alış-veriş azalıb.”

Britaniyada yaşayan bir malayziyalı müştəri isə deyir: “Darul-Təqva sadəcə kitab mağazası deyil. O, bilik və ünsiyyət mərkəzidir. Onun bağlanması böyük bir itki olacaq.”

Əslində Darul-Təqva-nın yaşadığı böhran Avropadakı İslam mədəniyyət müəssisələrinin ümumi vəziyyətinin bir göstəricisidir. Burada əsas problem kitab təminatı deyil, insanların görüşə bildiyi, fikir mübadiləsi apara bildiyi canlı mədəni mühitin qorunmasıdır. Bu kitabxana Britaniya müsəlmanlarının mədəni yaddaşının bir parçası və mülayim, açıq İslam düşüncəsinin inkişafına töhfə verən mərkəz olub.

Bu gün isə bu tarixi mədəniyyət ocağı həlledici bir dönəmdədir: ya ictimai dəstək kampaniyaları nəticə verəcək və o, Londonun mərkəzində bir fikir çırağı kimi fəaliyyətini davam etdirəcək, ya da rəqəmsal iqtisadiyyat və müasir sosial tənhalığın təzyiqi altında səssizcə yox olan çoxsaylı müstəqil mədəniyyət müəssisələrinin taleyini yaşayacaq.

Keçmişinin şanlı səhifələrinə və indiki narahat vəziyyətinə baxmayaraq, Darul-Təqva Avropada İslam mədəni fəaliyyəti tarixinin canlı şahidi olaraq qalır. Və o, müsəlman icmalarına bir daha xatırladır ki, kimliyini və mədəni yaddaşını qorumaq üçün belə mərkəzlərin yaşadılması həyati əhəmiyyət daşıyır.

4312934

Teqlər: İslam ، ən qədim ، kitabxana ، london
captcha