IQNA

Qlazqo Mərkəzi Məscidinə islamofob hücum

10:27 - October 30, 2025
Xəbər sayı: 3499119
İQNA - Şotlandiyanın ən böyük məscidi dünən islamofob hücuma məruz qalıb.

“İQNA”-nın “Herald Scotland” nəşrinə istinadla verdiyi xəbərə görə, Şotlandiyanın ən böyük məscidi bazar ertəsi günü bu ölkədə müsəlmanlara qarşı baş verən son zorakılıq hadisəsində dağıdılıb.

Məscidin üzvləri divarına “Şotlandiyalılar birincidir” (Scots First) yazısının yazılmasını görəndə dərin kədərləndiklərini bildiriblər.

Məscidin “Facebook” səhifəsində yayılan bəyanatda deyilir:

“Biz hər zaman Qlazqodakı vətəndaş cəmiyyətində tutduğumuz mövqeyə görə qürur duyuruq. Biz deyirik ki, Qlazqonu insanlar yaradır və müsəlmanlar onun böyük bir hissəsidir. Şotlandiyalı müsəlmanlar ticarət, siyasət, idman, təhsil, milli səhiyyə xidməti və digər sahələrdə bu şəhərin formalaşmasına və inkişafına töhfə veriblər.”

Bəyanatda daha sonra qeyd olunur:

“Biz sosial təşəbbüslərimiz vasitəsilə – cəmiyyətin ən həssas təbəqələrinə dəstək göstərərək və ehtiyacı olanlara ümid verərək – şəhərimizə nur gətirməyə davam etməkdə qərarlıyıq. Biz çalışacağıq ki, Qlazqo hər kəsin – dini və ya mənşəyindən asılı olmayaraq – özünü təhlükəsiz, dəyərli, qarşılanmış və evdə kimi hiss etdiyi bir məkan olaraq qalsın. Bu cür hərəkətlər Qlazqonun və ya Şotlandiyanın dəyərlərini əks etdirmir. Şəhərimiz qonaqpərvərliyi, müxtəlifliyi və ictimai həmrəyliyi ilə tanınır və bu ruh həmişə qalib gələcək.”

Leyborist Partiyasının deputatı Zubeyr Əhməd hadisəyə münasibət bildirərək deyib:

“1984-cü ildən bəri ibadət etdiyim məscid irqi ayrı-seçkiliyə məruz qalıb. Biz elə bilirdik ki, bu cür halları 1980-ci illərdə arxada qoymuşuq. Milli Səhiyyə Xidmətində və ictimai xidmətlərdə çalışan, cəmiyyətin bütün təbəqələrinə xidmət edən şotlandiyalı müsəlmanlara demək istəyirəm: başınızı uca tutun. Bu ölkə bizimdir. Biz heç yerə getmirik.”

Bu vandalizm hadisəsi bundan üç həftə əvvəl Dandi şəhərindəki bir məscidə qarşı hörmətsizlikdən sonra baş verib. “Beytül-Məhəmməd” məscidində baş verən həmin hadisə ilə əlaqədar 20 yaşlı bir kişi saxlanılıb.

Sentyabr ayında isə Klarkstonda yerləşən “Yusif” məscidinin pəncərəsi içəridə uşaqların dərsdə olduğu vaxt metal dirəklə sındırılmışdı. 31 yaşlı bir kişi bu hadisə ilə əlaqədar ittiham olunub.

Məscid rəhbərləri bildiriblər ki, bu son hadisə islamofob hisslərin “narahatedici bir tendensiyasının” davamıdır.

Polis Şotlandiyanın sözçüsü hadisə ilə bağlı deyib:

“Biz vandalizm faktı ilə bağlı məlumat almışıq və araşdırmalar ilkin mərhələdədir.”

4313322

captcha