IQNA

22:00 - April 09, 2020
Xəbər sayı: 3487049
“Allahın Rəsulunun gördüyü işləri görəcək və cahiliyyət adətlərini ləğv edib İslamı bərpa edən Peyğəmbər kimi, o da özündən əvvəlki (yanlış) proqramları ləğv edəcək.”

İstənilən inqilabın qanun və tədbirləri mədəni və ideoloji tərəqqi olmadan çox da davam gətirməz. Bu sahədə atılan ilk addım yatmış düşüncələri ikitərəfli oyadan mədəni inqlabın – bir tərəfdən, sağlam və azad cəmiyyətin ehtiyacını təmin edən elm və biliklər, digər tərəfdən, normal bəşər həyatını mənəviyyat istiqamətində irəlilədən üsullarla agahlığın – baş qaldırmasıdır.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

العلم سبعة و عشرون حرفاً فجميع ما جائت به الرّسل حرفان، فلم يعرف النّاس حتّى اليوم غير الحرفين، فاذا قام قائمنا اخرج الخمسة والعشرين حرفاً؛ فبثّها فى النّاس و ضمّ اليها الحرفين، حتّى يبثّها سبعة و عشرين حرفاً؛

“Elm iyirmi yeddi hərfdən (sahədən) ibarətdir və peyğəmbərlərin gətirdikləri isə yalnız onun iki hərfini təşkil edir. İnsanlar hələ də həmin iki hərfdən başqasını bilmirlər. Bizim Qaimimiz (İmam Mehdi (ə)) zühur edərkən, digər iyirmi beş hərfi üzə çıxaracaq, onu insanlar arasında yayacaq və iki hərfi də əlavə etməklə iyirmi yeddi hərfi onlara çatdıracaqdır.” (“Biharul-ənvar”, c.52, səh.336.)

Bu hədisdən zühur əsrində elmin maksimum səviyyədə inkişafı açıq-aşkar başa düşülür. O zaman elm keçmişlə müqayisədə on iki dəfə inkişaf edəcək, faydalı elmlərin bütün qapıları insanların üzünə açılacaq və bəşərin keçdiyi min illik yol qısa müddət ərzində on iki dəfə sürətlə keçiləcək.

Həqiqətdə, səmavi ayinlər göydən yağan yağmura bənzəyir. Yağışın şəffaf və pak damlaları həyatbəxş və susuzları özünə tərəf dəvət edəndir. Hətta, təşnə olmayanlar da su içmək fikrinə düşürlər. Lakin həmin damlalar qeyri-münbit və üfunətli torpaqlara düşdükdə, ilkin səfa və paklığını itirir, bəzən də tamaşaçı onu gördükdə, üzünü turşudaraq pis qoxusundan burnunu da tutur.

Yağmurun səfa və paklığını, günəşin parlaqlığını və baharın təravətini xatırladan ilahi ayinlər də nadanların azğın fikirləri və qərəzli insanların çirkin əllərinə toxunduqda və şəxsi səliqə və adət-ənənələrlə qarışdıqda, təhrifə uğrayaraq ilkin cazibədarlığını tamamilə əldən verir. Ən primitiv və geridə qalmış xalqın inkişaf və tərəqqisinə səbəb olan və təhrif olunmamış Quran və bütün zamanlarda onun əsilliyini qorumaq naminə canlarını verən alimlər sayəsində təhrif və dəyişikliklərinin qarşısı müəyyən qədər alan İslam dini belə, bu mövzudan kənar deyil. Lakin etiraf etməliyik ki, onun bir sıra məfhumları əksəriyyəti təşkil edən müsəlmanların təhrif əllərindən uzaq qalmamışdır. Hal-hazırda yaşayan müsəlmanların haradasa çoxunun Peyğəmbəri-Əkrəmin (ə) dövründəki həqiqi İslama biganəliyi insanda təəccüb doğurur. Bəzən, “zöhd”, təqva, “səbir”, “intizar”, “şəfaət” və “ibadət” kimi qurucu məfhumlar elə təhrif olunur ki, həqiqi İslam ondan vəhşətə gəlir!

Bir çox İslam qanunları “şəri don” adı ilə aradan qaldırılmış və “riba” və “sələm” hökmü kimi, onların yalnız adı qalmışdır. “Hicrət”, “cihad” və “şəhadət” kimi bəzi məsələlər də yaddaşlardan silinmiş, ən azı tarixi forma almış və İslamın başlanğıc dövrlərinə aid edilmişdir. İslam tövhidi müxtəlif şirklərlə qarışmış, İslam Peyğəmbərinin (s) “Mən sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və Əhli-beytimi...” – deyə “ağır əmanət” adlandırdığı Əhli-beyt məktəbi və onun ehtiva etdiyi həqiqi İslam dini əksər müsəlmanlar arasında tanınmaz qalmış və müxtəlif töhmətlərlə İslam ümməti ondan uzaqlaşdırılmışdır.

İmam Mehdi (ə) məharətli bağban tək həqiqi İslam fidanlarına sarmaşan alaq otlarını İslam gülüstanından təmizləyəcək, əyri və calaq budaqları amansızcasına kəsəcək, çirkin suları saflaşdıracaq, İslam məfhumlarını təhrif edən və onlardan sui-istifadə edənlərin əllərini üzəcək... və bir sözlə, Peyğəmbəri-Əkrəm və İmam Əlinin (ə) dövründə yaşanan İslamı dirçəldəcəkdir. Onun vəzifələrindən biri də İslamı uydurmalar və yanlış təfsirlərdən təmizləmək, başqa sözlə, İslam adlı əzəmətli sarayı yenidən qurmaqdır.

Onun hakimiyyəti dövründə tənbəllik və sükut öz yerini hərəkət və fəryadla əvəz edəcək, həqiqi İslam tövhidi şirkdən ayrılacaq, unudulmuş və dəyişilmiş məfhumlar düzgün şəkildə təfsir ediləcək, şəxsi düşüncələr İslamdan uzaqlaşdırılacaq, adət-ənənələr zəngi susdurulacaq, İslam irqçilik məhdudiyyətindən çıxarılıb dünyamiqyaslı formada aşkar ediləcək.

Onun hakimiyyəti dövründə o qədər dəyişikliklər ediləcək ki, sanki “yeni din” kimi görünəcək. “İsbatul-hudat” kitabında İmam Sadiqdən (ə) belə nəql olunur:

اذا خرج القائم يقوم بامر جديد، و كتاب جديد، و سنّة جديد و قضاء جديد؛

“Qaim qiyam etdiyi zaman yeni hakimiyyət, yeni kitab, yeni sünnə və qəzavət gətirəcəkdir.” (“İsbatul-hudat”, c.7, səh.83.)

Məlum olduğu kimi, İmam Mehdinin (ə) etdiyi dəyişikliklərdə onun yeni din gətirməsi yox, İslamı xurafat, təhrif və yanlış təfsirlərdən təmizləməsi nəzərdə tutulur. Həmçinin “yeni kitab”da da məqsəd o Həzrətə səmadan yeni bir kitabın nazil olması deyil! Çünki o, peyğəmbər və yeni kitab sahibi deyil, dinin gözətçisidir.

O, Quran ayələrini yanlış təfsirlərdən elə ayıracaq ki, ona “yeni kitab” adı qoyulacaq.

Bu mətləb onun İslam Peyğəmbərinin (s) kitabı, sünnəsi və dini üzrə qiyam edəcəyi ilə bağlı nəql olunan müxtəlif hədislərdə öz əksini tapmışdır. İmam Sadiqin (ə) Abdullah ibn Əta adlı səhabəsi deyir: “İmam Sadiqdən: “İmam Mehdinin (ə) sünnəsi necə olacaq?” – deyə soruşduqda, o Həzrət bildirdi:

يصنع ما صنع رسول اللّه صلى الله عليه و آله و سلم يهدم ما كان قبله كما هدم رسول‏اللّه صلى الله عليه و آله و سلم امر الجاهليّة و يستأنف الاسلام جديدا؛

“Allahın Rəsulunun gördüyü işləri görəcək və cahiliyyət adətlərini ləğv edib İslamı bərpa edən Peyğəmbər kimi, o da özündən əvvəlki (yanlış) proqramları ləğv edəcək.”

İslam Peyğəmbərindən (s) belə bir hədis nəql olunur:

و انّ الثّانى عشر من ولدى يغيب حتّى لايرى، و يأتى على امّتى بزمن لايبقى من الاسلام الّا اسمه، ولايبقى من القرآن الّا رسمه فحينئذ يأذن اللّه له تبارك و تعالى بالخروج فيظهر الاسلام به ويجدّده؛

“On ikinci övladım qeybə çəkiləcək və gözlərə görünməyəcək. Ümmətim üçün bir zaman gələcək ki, İslamın adı və Quranın xəttindən başqa bir şey qalmayacaq. Bu zaman uca Allah ona qiyam icazəsi verəcək və İslamı onunla aşkar edərək yenidən dirçəldəcək.”

((“Müntəxəbül-əsər”, səh.98; “Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.126-129.)
 

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Ad:
E-poçt:
* Comment:
* captcha: