IQNA

Əhli-sünnə mənbələrində Qədir-Xum hədisinin təsdiqi

12:06 - August 08, 2020
Xəbər sayı: 3487843
Hicri-Qəməri tarixi ilə 10-cu ilin Zil-Hiccə ayının 18-də baş vermiş Qədir-Xum tarixi hadisəsini bir çox əhli-sünnə qaynaqları da mütəvatir şəkildə səhih sənədlə nəql etmişdir.

İmam Əlidən (ə) nəql olunub: "Peyğəmbər (s) Qədir-Xumda Əlinin əlindən tutaraq dedi: "Allah Təbərəkə və Təala sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?".

(Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulunun (s) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və Allah və Rəsulunun (s) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?".

(Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulu (s) hər kimin mövlasıdırsa (ixtiyar sahibi və dostudursa), bu Əli də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı və digəri isə mənim Əhli-Beytimdir"”.

- Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir.

(Mənbə: İbn Həcər əl-Əsqəlani, "əl-Mətalibul-aliyə", c. 16, s. 142, hədis 3943).

 

Zeyd ibn Ərqəm nəql edir: "Rəsulullah (s) vida həccindən qayıdan zaman Qədir-Xum deyilən yerdə dayandı. İri ağacların altının süpürülməsinə göstəriş verdi. Sonra isə belə buyurdu: "Sanki dəvət edilmiş və dəvətə razılıq verəcək kimiyəm. Sizin aranızda biri digərindən daha böyük iki qiymətli əmanət qoyuram: Allahın Kitabını və mənim itrətimi, Əhli-Beytimi.

Məndən sonra onlarla necə davranacağınıza diqqət edin. Çünki, onlar hovuz kənarında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar!".

Sonra belə buyurdu: "Şübhəsiz ki, Allah mənim mövlam, mən də bütün möminlərin vəlisiyəm".

Daha sonra Əlinin (ə) əlindən tutaraq, buyurdu: "Mən kimin vəlisiyəmsə, bu (Əli) də onun vəlisidir! İlahi, ona dost olana dost, ona düşmən olana Sən də düşmən ol!"”.

Əbu Tufeyl deyir ki, Zeyddən soruşanda ki,h əqiqətən bunu Rəsulallahdan (s) eşitdin? Zeyd cavab olaraq dedi: "Bəli, o gün ağacların altında olub, bunları gözləriylə görməyən və qulaqlarıyla eşitməyən heç kimsə qalmadı".

(Mənbə: Nəsai, "Xəsais İmam Əli", s.72-73, hədis 74.

- Kitabı tədqiq edən hədisşünas Əbu İshaq əl-Huveyni deyir ki, hədisin sənədi səhihdir).

 

Riyah ibn əl-Haris nəql edir: "Bir neçə nəfər Rəhbədə (Kufə məscidinin həyətində) Həzrət Əlinin (ə) yanına gəlib dedilər: "Salam olsun sənə, ey bizim mövlamız!".

Əli (ə) onlara dedi: "Siz ərəb qövmü olduğunuz halda, mən necə sizin mövlanız ola bilərəm?".

(Səhabələr) dedilər: "Biz Qədir-Xum günü Allah Rəsulunun (s) “Mən kimin mövlasıyamsa, bu (Əli) də onun mövlasıdır” dediyini eşitmişik".

Riyah (hədisi nəql edən şəxs) deyir: "Onlar oradan uzaqlaşan kimi, mən də onların arxasınca gedib, soruşdum ki, siz kimlərsiniz?". Dedilər ki, ənsardan (Peyğəmbərin (s) Mədinədən olan səhabələrindən) olan bir dəstəyik. Onların arasında (səhabə) Əbu Əyyub əl-Ənsari də var idi".

(Mənbə: "Müsnəd Əhməd ibn Hənbəl", c.4, s.419, hədis 23609.

- Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyir ki, hədisin sənədi səhihdir).

 

Səid bin Vəhəb nəql edir: “Əli (ə) Rəhbədə (Kufə məscidinin meydanında) danışarkən belə buyurdu: "Sizi Allaha and verirəm, kim Allah Rəsulunun (s) Qədir-Xumda belə dediyini eşidibsə, şahidlik etsin: "Allah mənim vəlim və mən də möminlərin vəlisiyəm və mən kimin vəlisiyəmsə, bu (Əli) də onun vəlisidir. İlahi, onunla dost olanla dost, onunla düşmən olanla düşmən ol və ona kömək edənə kömək et"”.

Səid dedi: “Mənim yanımdan (səhabələrdən) altı nəfər qalxıb, şəhadət verdi".

Zeyd ibn Yusəy də belə deyir: “Mənim də yanımdan (səhabələrdən) altı nəfər qalxdı və şəhadət verdi".

(Mənbə: Nəsai, "Xəsais İmam Əli", s.85-86, hədis 93.

- Kitabı tədqiq edən hədisşünas Əbu İshaq əl-Huveyni deyir ki, hədisin sənədi səhihdir).

 

Bəra ibn Azib nəql edir: "Allah Rəsulu (s) ilə birgə həcc ziyarəti üçün yola çıxmışdıq. Allah Rəsulu (s) yolun bir hissəsində dayandı və camaat namazı qılınmasını əmr etdi. Daha sonra isə Əlinin (ə) əlini tutdu və belə buyurdu: "Mən möminlərə onların özlərindən daha əvla (daha da ixtiyar sahibi) deyiləmmi?".

(Səhabələr) Dedilər: "Bəli".

Allah Rəsulu (s) yenə buyurdu: "Mən hər bir möminə onun özündən daha əvla (daha da ixtiyar sahibi) deyiləmmi?".

(Səhabələr) Dedilər: "Bəli".

Allah Rəsulu (s) buyurdu: "Mən hər kimin mövlasıyamsa, bu Əli (ə) də onun vəlisidir. İlahi, ona dost olana dost və ona düşmən olana sən də düşmən ol!".

(Mənbə: "Sünən ibn Macə", c.1, s.188, hədis 116).

- Kitabı tədqiq edən hədisşünas Albani bildirib ki, hədis səhihdir.

 

Əbu Tufeyl nəql edir: "Əli (ə) insanları Rəhbədə (məscidin meydanında) cəm edib buyurdu: "Sizi and verirəm Allaha, Allah Rəsulunun (s) Qədir-Xum günü buyurduğu sözləri eşidən hər bir müsəlman kişi ayağa qalxsın!”.

İnsanlardan otuz nəfər ayağa qalxdı.

(Hədisi nəql edən digər şəxs) Əbu Nueym deyib ki, çoxlu insanlar qalxdılar və Peyğəmbərin (s) Əlinin (ə) əlindən tutmasına və insanlara belə deməsinə şahidlik etdilər: "Bilirsinizmi mən möminlərə (hökm verməkdə) onların özlərindən daha yaxınammı?".

(Səhabələr) Dedilər: "Bəli, ey Allahın Rəsulu (s)".

Peyğəmbər (s) buyurdu: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi,ona dost olana dost ol və ona düşmən olana düşmən ol!".

Əbu Tufeyl deyir: "Mən oradan çıxdım, lakin qəlbimdə (bu hadisə ilə bağlı) bir şey var idi. Yolda Zeyd ibn Ərqəmlə rastlaşdım. Ona dedim ki, Əlinin (ə) belə və belə (Qədir-Xum hədisini) dediyini eşitdim".

Zeyd ibn Ərqəm dedi: "Nəyi inkar edirsən? Allah Rəsulunun (s) onun (Əlini) barəsində belə dediyini mən də eşitmişəm".

(Mənbə: "Müsnəd Əhməd ibn Hənbəl". c.4, s.371, hədis 18815)

- Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyir ki, hədisin sənədi səhihdir.

 

Əhli-sünnə hədislərinə əsasən, çoxlu sayda başqa səhabələr də Qədir-Xum hədislərini nəql ediblər. Biz buradək kifayətlənirik.

Əhli-sünnə mənbələrinə əsasən, Qədir-Xum hədisləri mütəvatir yolla nəql olunmuşdur. Yəni, bunu çoxlu sayda səhabələr nəql etmişlər və bu hadisənin həqiqətən də baş verdiyi lazımi dəlillərlə sabit olmuşdur).

Qədir-Xum bayramınız mübarək olsun!

Allah bizi İmam Əlinin (ə) vilayətindən ayrı salmasın! İlahi, amin!

Elnur Əlizadə,

“Dəyərlər”in oxucusu

captcha