Dini mənbələrdən bildiyimiz kimi, Şəban ayı – ən fəzilətli aylardan biridir. Əziz Peyğəmbərə (s) məxsus olan bu ayın ən fəzilətli əməli isə orucdur.
İmam Sadiq (ə) buyurur: “Allah Təala il ərzində Ramazan ayının orucunu vacib buyurmuşdur. Peyğəmbər (s) Şəban ayının orucunu və başqa aylardan üç gün oruc tutmağı sünnət qərar vermişdir. Allah da bu hökmü təsdiq etmişdir”.
İmam Rza (ə) buyurur: “Allahın Peyğəmbəri (s) Şəban ayında çoxlu oruc tutardı və buyurardı: “Şəban – mənim ayımdır. Ramazan ayından sonra ən üstün aylardandır. Hər kim ondan bir günü oruc tutarsa, Qiyamət günü onun şəfaətçisi olacağam””.
İmam Sadiq (ə) buyurur: “Hər kim Şəban ayının bircə gününü oruc tutar – behişt onun üçün sabit olar. Hər kim ondan iki günü oruc tutarsa Allah dünyanın hər gecə və gündüzü ona nəzər salar. Bu nəzər behiştə qədər davam edər. Hər kim bu aydan üç günü oruc tutarsa, behiştdə Allahı hər gün ziyarət edər”. (Tebyan)
Mərhum Ağa Mirzə Cavad Mələki Təbrizinin buyuruşuna görə, hər kim bu ayda çoxlu oruc tutarsa Peyğəmbərə (s) yardım etmiş olar və onun duası həmin şəxsə də şamil olar.
Ona görə də Şəban ayının günlərindən istifadə edək, Qiyamətdə bizə şəfaətçi ola bilən bu əməli yerinə yetirək və həm də bu gözəl ibadətlə Peyğəmbərə (s) yardım etmiş olaq. /deyerler