Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada atəşkəs elan etdikdən sonra ilk çıxışında müqavimət üçün yeni üfüq açıldığını və işğalçılara qarşı mübarizədə yeni mərhələnin başladığını söyləyib.
İsmayıl Haniyə bu gün (21 may) Fələstin xalqının Qüds və Əl-Əqsa məscidini müdafiə etmək üçün ayağa qalxdığını və bölgənin hər yerindən on minlərlə insanın Əl-Əqsaya dəstək olmaq üçün gəldiyini söyləyib: “Qarşımızda yeni üfüq açıldı; Fələstin, Qüds və Əl-Əqsa məscidinə diqqət yetirən millətin mübarizə tarixində yeni mərhələ başladı və əldə edilən zəfər xalqın mübarizəsinin nəticəsidir və bu mərhələdəki İlahi bir qələbədir.
İnsanların, ümmətin və dünyanın azad insanlarının qəlbinə sevinc və xoşbəxtlik gətirdik. Qüdsdə, onun ətrafında və Qəzzada qəhrəmanlıq, sabitlik gördük və indi ümmətin övladları zəfər və Fələstin xalqının müqavimətinin ətrafında toplanıb”.
İsmayıl Haniyə daha sonra HƏMAS komandirlərini və müqavimət qruplarını, xüsusilə Yəhya Əl-Sinvar və Məhəmməd Əd-Daifi bu qələbə münasibətilə təbrik edib: “İsrail rejiminə, sakinlərinə və gələcəyinə təsirləri gələcəkdə aydın olacaq olan ağrılı zərbələr vurduq. Qəzza Qüdsə kömək etmək üçün ayağa qalxdı və Şeyx Cərrah, Bab Əl-Amud, İordan çayının qərb sahili və 1948-ci il torpaqlarındakı xalqımıza uzanmış əllərini kəsdi və bu qələbə şəhidlərin qanı və ailələrinin fədakarlığı ilə əldə edildi.
Milyonlarla insan indi tanımadığı və heç kimin onu görmədiyi bir vaxtda Məhəmməd Əl-Daif adını qışqırır və indi müqavimətə və onun qəhrəman komandirlərinin yanında qürurla dururuq.
Düşmənə odla oynamayın və Əl-Əqsa məscidinə təcavüz etməyi dayandırın dedikdə, nə dediyimizi bilirdik, düşmən isə nə dediyimizi başa düşmədi. Bu müharibədə və əvvəlki müharibələrdə tökülən bütün qanlar Qüds üçündür və Qüds münaqişənin mərkəzidir. Qəzza Qüdsün qılıncını qaldırdı və düşmənə unudulmaz dərs verdi.
Müqavimət fələstinli qaçqınların azadlığı və geri qayıtması üçün yeganə seçimdir və ən qısa yoldur. Müqavimət Əsrin müqaviləsini və sionist gəlmələrin məskunlaşması və daimi yerləşdirilməsi planlarını alt-üst etdi”.
Haniyə Qəzzadakı müqavimətə verdiyi müxtəlif dəstəyə görə İrana təşəkkür edib: “Cəsur müqavimətimizə pul, silah və texnologiya təmin etməyi bacardığı üçün İran İslam Respublikasına təşəkkür edirəm”.
O, həmçinin beynəlxalq cəmiyyətlə əlaqələrin inkişaf etdirilməli olduğunu və Avropa cəmiyyətlərində, ABŞ daxilində böyük dəyişiklik baş verməli olduğunu, eyni zamanda ərəb və İslam ölkələri ilə əlaqələrin genişləndirilməli olduğunu bildirərək, belə deyib: “Hamı müsəlman ümmətinin Qüdsün hər tərəfindən necə gəldiyini gördü”.
Çıxışının sonunda HƏMAS siyasi bürosunun rəhbəri Qəzzanın yenidən qurulmasını müzakirə edərək, yenidənqurma işlərinin tezliklə başlayacağını və HƏMAS-ın şəhid ailələri və məhbuslar qarşısında vəzifəsini yerinə yetirəcəyini söyləyib.