Əmirəl-möminin (ə) bir hədisində buyurur: "Allah Təala dörd şeyi dörd şeydə gizlətdi".
O dörd şey bunlardan ibarətdir: Öz razılığını itaətində gizlədib. Ona görə Onun itaətindən heç bir şeyi kiçik sayma. Ola bilsin ki, Allahın razılığı həmin itaətdədir və sən ondan xəbərsizsən. Narazılığını itaətsizliyində qərar verib. Ona görə də etdiyin günahların heç birini kiçik sayma. Ola bilsin ki, Onun narazılığı həmin günahda olsun və sən ondan xəbərsiz olasan. Öz qəbulunu dərgahına edilən duada qərar verib. Ona görə də Onun dərgahına edilən heç bir duanı kiçik sayma. Ola bilsin ki, o dua qəbul olunsun və sən bundan xəbərsiz olasan. O, Öz dostunu bəndələri arasında gizlətmişdir. Ona görə də Allahın bəndələrindən heç birini kiçik sayma. Ola bilsin ki, həmin bəndə (sizin nifrət etdiyiniz) Allahın dostudur və sən bundan xəbərsizsən. (Vəsailuş-Şiə: 1/6/88).
Dördüncü məsələ çox dəyərli sosial təsirə malikdir. Bəndələrə hörmət etmək təkəbbürü yox edən dini bir vəzifədir. Çünki İslamda belə buyurulub, əgər kimsə səndən böyükdürsə, ona hörmət et. Çünki o, səndən çox ibadət edib. Səndən kiçikdirsə, səndən az günah etdiyi üçün ona hörmət et. Bir çox sosial problemlər başqalarından üstün olduğumuzu düşünməyin nəticəsidir.
Hətta hər şeyə qadir olan Allah da Qiyamət günü qürurla rəftar etməyəcək. Elminə deyil, bəndələrinin fəaliyyətinə əsasən onlarla rəftar edəcək.