Quran insan sözü deyil, hər bir kəlməsi Allah kəlamıdır. Sözlərin yan-yana düzülməsi və cümlələrin qurulması Allahın vəhyidir. Hətta surələrin düzülüşü də Allah tərəfindən əmr edilmişdir.
Hər bir müsəlmanın Quran qarşısında üç əsas vəzifəsi vardır. Bu vəzifələr yerinə yetirilərsə, Quran həyatımıza girər, dərdlərimizə şəfa olar. Çünki o, ruhun qidasıdır.
Allah "Yunis" surəsinin 57-ci ayəsində bu məsələyə işarə edir: "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!".
Bizim birinci vəzifəmiz Quranı öyrənməkdir. Həzrət Peyğəmbər (s) buyurur ki, sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir. İmam Sadiq (ə) həmçinin buyurur: “Möminə yaraşmaz ki, ölümündən əvvəl Quranı öyrənməmiş olsun”. Quran bizə nazil olub, onu oxuyub dərk etməsək, nə faydası var?
İkinci vəzifə, Quranı öyrəndikdən sonra onu oxumaqdır. Peyğəmbərdən (s) hədis nəql edilmişdir ki, ən fəzilətli ibadət Quran oxumaqdır.
İmam Sadiq (ə) buyurur: “Quran Allahın səninlə əhd-peymanıdır, ondan ən azı 50 ayə oxumaq lazımdır”. İmam Rza (ə) üç gündə bir dəfə Quran oxuyurdu. Mərhum İmam Xomeyninin (rəh) xəstəxanada son nəfəsini verən zaman sinəsinin üstündə Quran olub.
İmam Sadiq (ə) buyurur: Qiyamət günü insanlardan şikayət edəcək üç kateqoriya vardır: Namaz qılanı olmayan məscid, digəri insanların qədrini bilmədiyi və dini anlamaq üçün onun yanına getmədiyi alimdir. Üçüncüsü, üzərinə toz qonmuş Qurandır.
Üçüncü və ən mühüm vəzifəmiz Qurana tabe olmaqdır. Quranı öyrənmək və onu oxumaq da ona əməl etmək üçün müqəddimədir. Əgər biz “İyyəkə nəbudu və iyyəkə nəstəin” ayəsini oxusaq, həqiqətən yalnız Allaha ibadət etməliyik və çətinliklərdə, həqiqətən, yalnız Allahdan kömək istəməliyik.