“İQNA”-nın “YUNESKO”-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fitr və Qurban bayramlarının rəsmi şəkildə tanınması təşəbbüsü İndoneziya Respublikasına məxsus olub və bu qərar Təşkilatın 219-cu İcra Şurasının tövsiyəsinə əsasən Baş Konfransda təsdiqlənib.
Qərara əsasən, Baş Konfrans YUNESKO-nun Baş direktorundan hər il bu iki böyük İslam bayramı münasibətilə xüsusi təbrik mesajı yaymağı xahiş edib ki, bununla bu əlamətdar günlərin mədəni, sosial və mənəvi əhəmiyyəti bütün dünyada xatırladılsın.
Sənəddə qeyd olunur ki, bu addımın məqsədi mədəni anlayış və qarşılıqlı hörməti möhkəmləndirmək, dinlərarası dialoq və əməkdaşlığı genişləndirmək, sosial həmrəyliyi və inklüzivliyi təşviq etmək, həmçinin insan ləyaqəti, bərabərlik və müxtəliflik prinsiplərinin qorunması istiqamətində YUNESKO-nun missiyasını irəli aparmaqdır.
Bu qərar təşkilatın əsas missiyasına – dünya sülhünü möhkəmləndirmək və xalqlar arasında qarşılıqlı hörməti artırmaq məqsədinə uyğun olaraq qəbul edilib və daha ədalətli, hörmət dolu və hərtərəfli bir dünyanın qurulmasına mühüm töhfə verəcək.
Fitr və Qurban bayramlarının YUNESKO tərəfindən tanınması, dünya ictimaiyyətinin İslam mədəni və mənəvi irsinə göstərdiyi hörmətin göstəricisidir və qlobal birlik və həmrəyliyin güclənməsi istiqamətində simvolik bir addım sayılır.
4314387