“Elayem.news”-in verdiyi xəbərə görə, Əlcəzairin Vəqflər naziri Yusif Bəlməhdi, paytaxt Əlcəzairdə yerləşən “Dar əl-İmam”da bu ölkənin azadlıq inqilabının 71-ci ildönümü münasibətilə keçirilən mərasimdə Quran müsabiqələrinin münsifləri üçün üçüncü təlim kursunun təşkil olunduğunu açıqlayıb.
O bildirib ki, bu kursda 17 nəfər qadın və kişi münsif, eləcə də müxtəlif vilayətlərdən olan imamlar və dini təbliğatçılar arasından seçilmiş 70-dən çox kursant iştirak edib.
Bəlməhdi həmçinin Qurani-Kərim üzrə münsiflik sahəsində əldə olunan keyfiyyət dəyişikliklərini bu ölkənin Virtual Qiraət İnstitutu və Elektron Quran Tilavəti Mərkəzi tərəfindən keçirilən təlimlərlə əlaqələndirib.
Nazir vurğulayıb ki, Əlcəzair alimləri tarix boyu maarifləndirici bir missiya daşıyıblar və Afrikada və Avropada elmin yayılmasında, dini istinadın formalaşmasında mühüm rol oynayıblar.
O əlavə edib: “Əlcəzair müstəmləkə dövründən əvvəl elmin beşiyi idi və əz-Zituna, əl-Əzhər, Məkkə, Mədinə və Şam kimi böyük mərkəzlərin zənginləşməsinə töhfə verən mənbələrə sahib idi.”
Nazir həmçinin vurğulayıb ki, Əlcəzair şəhidlərin əmanətidir və onu qorumaq lazımdır. “Əlcəzair vətəndaşı azad doğulur, azad yaşayır və azad ölür,” – deyə o qeyd edib.
Sonda o bildirib: “Ordunun və xalqın həmrəyliyi və birliyi vətənin qorunması üçün qalxandır və parlaq gələcəyə aparan etibarlı zəmanətdir.”
4314252