“Əlkompass” veb saytının xəbərinə görə, Qöteborq Universitetinin apardığı yeni araşdırma göstərib ki, bir çox müsəlman orta məktəb şagirdi irqçilik və islamofobiyadan uzaq qalmaq üçün şəhər mərkəzindən kənarda yerləşən məktəblərdə oxumağa üstünlük verir.
Bu araşdırmanı aparan təhsil tədqiqatçısı Kristofer Əli Torin İsveç televiziyasına (SVT) bildirib ki, bu tədqiqatın məqsədi müsəlman şagirdlərin təcrübələrini önə çıxarmaqdır. O qeyd edib ki, indiyədək məktəb seçimi ilə bağlı aparılan araşdırmalar din amilini ciddi şəkildə nəzərə almır və bu yanaşma dəyişməlidir.
Dörd semestr ərzində Qöteborqun kənarındakı bir orta məktəbdə aparılan bu tədqiqat göstərib ki, dindar şagirdlər şəhər mərkəzindən uzaqda yerləşən məktəblərdə müəllimlər və sinif yoldaşları tərəfindən daha çox qəbul olunduqlarını hiss edirlər.
Özü də müsəlman olan Torin deyib: “Müsahibə apardığımız şagirdlər bildirdilər ki, şəhər mərkəzindəki məktəblərdə ayrı-seçkilik və nifrətlə qarşılaşmaq ehtimalları daha çoxdur.”
Onun fikrincə, müsəlman şagirdlər arasında qəbul olunma hissinin artması, məktəblərdə onların inancına aid bəzi məqamların tanınması ilə mümkündür. O qeyd edib ki, sadə addımlar – məsələn, namaz qılmaq üçün sakit bir yer ayırmaq və ya İslam dini bayramlarını nəzərə almaq – daha daxil edici bir mühitin yaranmasına kömək edə bilər.
İsveçin məktəb qanununa əsasən, təhsil dünyəvi (sekulyar) olmalıdır. Lakin Torin hesab edir ki, bu, dini inancların tamamilə ifadə edilməsinin qadağan olunması demək deyil.
O xatırladıb ki, hazırda məktəblər Milad və Pasxa kimi xristian bayramlarını qeyd edir və bəzən müsəlman şagirdlərdən də bu tədbirlərdə iştirak etmələri istənilir.
Torin əlavə edib: “Mən bu tədbirlərin ləğvini istəmirəm, sadəcə olaraq, bütün insanlar arasında qarşılıqlı anlaşmanı artıracaq fəaliyyətlərin əlavə edilməsini təklif edirəm.”
Hazırda namaz kimi dini ayinlərin məktəbdə icrasına icazə verilib-verilməməsi məktəb direktorlarının qərarına buraxılıb. Torin isə bunu problemli hal kimi qiymətləndirib.
O, Qöteborq bələdiyyəsini məsuliyyət daşımağa və orucluq, namaz kimi məsələlərlə bağlı aydın qaydalar müəyyən etməyə çağırıb. Onun sözlərinə görə, hazırkı qeyri-müəyyənlik məktəblərdə lazımsız qarşıdurmalara səbəb olur.
4315202