IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; İbrahim (ə) / 3

Tərbiyədə ailənin əhəmiyyəti

17:04 - June 08, 2023
Xəbər sayı: 3494295
Tehran (İQNA) - İnsanların tərbiyəsi üçün ən mühüm platformalardan biri də həzrət İbrahim peyğəmbərin (ə) öz övladlarına və dinləyicilərinə təsir etmək üçün diqqət yetirdiyi ailədir.

Ailə cəmiyyətin ilk hissəsi olduğu üçün cəmiyyət üzvlərinin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan ətrafındakı ilk cəmiyyətdə, yəni ailədə doğulur. Aydındır ki, ailə üzvlərinin bir-biri ilə münasibətləri və ya üzərinə götürdükləri vəzifələr onların şəxsiyyətinin formalaşmasına, cəmiyyətlə münasibətinə təsir göstərir.

Həzrət İbrahimin (ə) tərbiyəsində ilk ağla gələn ünsürlərdən biri onun ailəsinə xüsusi diqqət yetirməsidir. Qurani-Kərimdə Həzrət İbrahimin (ə) həyatının hər birində tərbiyəvi cəhət olan iki hissə təsvir edilmişdir.

Birinci hissədə İbrahim əmisi Azəri xəta içində görən və xeyirxah bir ahənglə onu çirkin işindən çəkindirən uşaqdır. İkinci hissədə İbrahim (ə) övladlarına tövsiyə edən və Quranda ondan nəql edilən bir çox dualarda övladları üçün xeyirli aqibət istəyən bir atadır.

1_ İbrahim (ə) uşaq ikən

Bu hissədə Həzrət İbrahim (ə) əmisini bütpərəstlikdən və şeytana tabe olmaqdan çəkindirir. Lakin o, belə cavab verir:

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتىِ يَإِبْرَاهِيمُ لَئنِ لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ وَ اهْجُرْنىِ مَلِيًّا

''(Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" (Məryəm, 46).

Amma İbrahim peyğəmbər (ə) qəzəblənmək və ya onunla mübahisəni davam etdirmək əvəzinə, xeyirxah bir tonda deyir:

قالَ سَلَامٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبىّ إِنَّهُ كاَنَ بىِ حَفِي

“(İbrahim) belə cavab verdi: “Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfkardır, duamı qəbul edər)” (Məryəm, 47). Əslində İbrahim Azərin zorakılığına və təhdidlərinə fərqli cavab verdi və ona bağışlanma vəd etdi və onun üçün Allahdan bağışlanma dilədi.

2_ İbrahim (ə) ata kimi

Həzrət İbrahim (ə) bir ata olaraq övladlarına iki sahədə xüsusi əhəmiyyət verirdi:

  1. Övladların aqibətinin xeyirli olması üçün dua etmək

Əgər Quranda İbrahimin (ə) dualarını görsəniz, anlayarsınız ki, onun dualarının mərkəzində xeyirxahlıq dayanır. Maraqlısı odur ki, bu dualarda o, bu xeyiri təkcə özü üçün deyil, həm də övladları və nəsli üçün diləyir. Bu da biz insanlar üçün bir tərbiyə nöqtəsi ola bilər ki, dua edərkən Allahdan təkcə özümüz üçün deyil, övladlarımız üçün də yaxşılıq diləyək.

“Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, davamlı) namaz qılan et Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahim, 40).

  1. Ömrünün son anlarında övladlarına vəsiyyət etmək

Quran İbrahimin (ə) vəsiyyətini nəql etməklə, İbrahimdən nümunə götürərək insanları tərbiyə etmək istəyir. Bununla da bildirir ki, siz təkcə bu gün övladlarınıza deyil, həm də onların gələcəyinə cavabdehsiniz. Ölümünüzdən sonra övladlarınızın yalnız maddi həyatından narahat olmayın, onların mənəvi həyatını da düşünün.

“İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (Bəqərə, 132).

captcha