Qurani-Kərimin səksən altıncı surəsi “Tariq” adlanır. 17 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surəsi olan “Tariq”, İslam Peyğəmbərinə (s) nazil olan otuz altıncı surədir.
"Tariq" ulduz və gecə gələn məxluq deməkdir. Bu surə ona görə "Tariq" adlanmışdır ki, əvvəlində Tariqə and içilir.
“Tariq” surəsində qiyamətdən bəhs edilir və Allahın insanı öldükdən sonra dirildəcəyi bildirilir. Bu surə daha sonra Quranın əhəmiyyətindən bəhs edir və onu qətiyyətli və maarifləndirici bir söz kimi təqdim edir.
Bu surənin məzmunu iki mehvər üzərində qurulmuşdur: 1. Məad, 2. Quran və onun dəyəri və əhəmiyyəti.
Surənin əvvəlində Allah insan üzərində ilahi nəzarətçilərin mövcudluğuna işarə edir. Sonra isə qiyamətin mümkünlüyünü sübut etmək üçün insanın ilk həyatına və sperma suyundan yaradılışının başlanğıcına işarə edir. Belə qənaətə gəlir ki, insanı belə dəyərsiz və əhəmiyyətsiz sudan yaratmağa qadir olan Allah, onu geri qaytarmaq qabiliyyətinə də malikdir. Sonrakı mərhələdə Qiyamət gününün bəzi xüsusiyyətlərindən bəhs edir. Daha sonra çoxsaylı və mənalı andlar içməklə Quranın əhəmiyyətinə işarə edir. Sonda, kafirləri ilahi əzabla hədələməklə surəni bitirir.
Bu surənin 9-cu ayəsi qiyamət gününü "Yəvmə tubəs-Sərair" (sirlərin aşkar olunduğu gün) adlandıran məşhur ayələrdən biridir. Allahın insanı diriltməyə qadir olduğunu bildirən əvvəlki ayənin ardınca bu ayə Qiyamət gününü təsvir edir və o gün sirlərin aşkara çıxacağını bildirir. Sirlərin aşkar olması möminlər üçün qürur və bərəkət, cinayətkarlar üçün isə utanc mənbəyidir. Bir də insanın öz çirkinliyini ömür boyu gizlətməsi və o gün hər kəsin gözü qarşısında üzə çıxması necə də acıdır.
Həmçinin, “Tariq” surəsinin 4-cü ayəsində buyurur: “Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!”. Bu ayədə ruhun əbədiliyinə işarə edilir. Bu qorunma həm ruhun özünü, həm də görülən əməlləri əhatə edir. Allah ruhu elə yaratmışdır ki, o, ölümlə tənəzzülə uğramasın və məhv olmasın. İnsanın şəxsiyyəti və həqiqəti onun ruhu əsasında formalaşır. Qiyamət günündə Allah bədənləri dirildir və ruhu onlara qaytarır. Həqiqətdə, dirilən bədən dünyadakı bədən də olmasa, dirilən insan həmin dünyadakı insandır.