IQNA

Fransa başqa ölkələrdən olan imamları qəbul etməyəcək

10:51 - January 01, 2024
Xəbər sayı: 3495221
İQNA – Fransa Daxili İşlər Nazirliyi yanvarın 1-dən etibarən Mərakeş, Əlcəzair və Tunis kimi ölkələrdən ölkəyə imam göndərilməsi praktikasına son qoyulacağını açıqlayıb.

Fransanın daxili işlər naziri Cerald Darmanin yanvarın 1-dən xarici ölkələrdən gələn imamların ölkəyə qəbul edilməyəcəyini açıqlayıb.

Fransaya imam göndərən ölkələrə məktub göndərdiyini deyən daxili işlər naziri Darmanin prezident Emmanuel Makronun 2020-ci ildə “İslam əsaslı separatizmlə mübarizə” mövzusundakı çıxışında gündəmə gətirdiyi dəyişikliyin gələn ilin əvvəlindən qüvvəyə minəcəyini açıqlayıb.

Daha əvvəl Mərakeş, Tunis, Əlcəzair kimi ölkələrdən göndərilən imamlara statuslarını dəyişmək üçün martın sonuna qədər vaxt veriləcəyini bildirən Fransalı nazir, aprelin 1-dən etibarən bu imamların yeni statusa sahib olacağını və ödənişlərinin bağlı olduqları məscid birliyi tərəfindən birbaşa olaraq ödəniləcəyini açıqlayıb.

Sözügedən qanun Fransada işləyən imamların başqa ölkələrin dövlət qulluqçusu olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, Fransa öz imamlarını hazırlamaq üçün təhsil imkanlarını artırmağı planlaşdırır.

Fransa prezidenti Makron 2020-ci ilin fevralında “İslama əsaslanan separatizmlə mübarizə” mövzusunda çıxışında Fransaya imam göndərilməsi praktikasına son qoyulacağını açıqlayıb. Macron Türkiyə, Əlcəzair və Mərakeşdən Fransaya gələn imamların sayının 300 olduğunu və bu təcrübədən əl çəkəcəklərini açıqlayıb. İmamların da Fransada yetişdirilməsi və fransızca bilməsi lazım olduğunu bildirib. Sözügedən çıxışdan sonra hazırlanan “Cümhuriyyət prinsiplərinə hörməti gücləndirən qanun layihəsi” Fransadakı məscidlərin xaricdən maliyyələşdirilməsinin qarşısının alınmasını da nəzərdə tutur.

Almaniya da öz imamlarını yetişdirəcək

Almaniyada Federal Daxili İşlər Nazirliyi dekabrın ortalarında Almaniyada işləyən imamların Türkiyədən göndərilməsi praktikasına son qoyulması və təlimlərin Almaniyada keçirilməsini təmin etmək üçün Türkiyə ilə razılığa gəldiyini açıqlamışdı. Müqavilə ilə bağlı Almaniyanın Daxili İşlər naziri Nensi Faeser, "Bu, Almaniyadakı müsəlman icmalarının iştirakı və inteqrasiyası üçün mühüm dönüş nöqtəsidir. Bizim dilimizdə danışan, ölkəmizi bilən və dəyərlərimizi paylaşan təbliğatçılara ehtiyacımız var" dedi.

Türkiyədən Almaniyaya göndərilən imamlar Almaniyada Diyanət İşləri Nazirliyinə bağlı dövlət qulluqçusu kimi çalışırdılar.

AFP, DW/BÖ, GY

captcha