IQNA

Kermanda baş verən terror hadisəsinə beynəlxalq reaksiyalar

9:33 - January 06, 2024
Xəbər sayı: 3495249
İQNA - Əl-Əzhər Mərkəzi İranın Kerman şəhərində şəhid general Qasim Süleymaninin məqbərəsi yaxınlığında baş verən terror hadisəsini şiddətlə pisləyib.

"İQNA", xəbər verir ki, Əl-Əzhər çərşənbə günü Kirman şəhərində baş verən terror hadisəsinə münasibət bildirərək bəyanat yayıb.

Bəyannamədə günahsızları hədəf alan, insan ləyaqətini tapdalayan hər cür zorakılıq və terrora qəti şəkildə qarşı olduqları vurğulanıb.

Bəyanatın sonunda Əl-Əzhər bu terror hadisəsini pisləyib və həlak olanların ailələrinə və İran xalqına başsağlığı verib. O, həmçinin həlak olanlara rəhmət, yaralananlara isə şəfa diləyib.

Kürdüstan bölgəsinin baş naziri Məsrur Bərzani İran hökuməti və xalqına başsağlığı verib.

Bərzani bu çirkin hadisəni pisləyib və X sosial şəbəkəsində İran İslam Respublikasına mesaj göndərərək, bu terror aktını qorxaqlıq adlandırıb.

O, həmçinin həlak olanların ailələrinə və İran İslam Respublikası hökumətinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Tacikistan prezidenti İmam Əli Rəhman İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisiyə mesaj göndərərək çoxlu sayda günahsız insanın həlak olması və yaralanmasına görə başsağlığı verib.

O, Kermanda törədilən dəhşətli terror aktını pisləyib, dost və qardaş İran xalqına və həlak olanların yaxınlarına başsağlığı verib və səbr diləyib.

Bildirilib ki, Tacikistan Respublikası terrorizmin bütün növlərini qətiyyətlə pisləyir və ona qarşı mübarizənin zəruriliyini daim vurğulayır.

Bəhreyn İslami Fəaliyyət Cəmiyyəti Kerman şəhərində törədilən terror aktını pisləyən bəyanatla çıxış edib.

Bəyanatda sionist-amerikan terrorunun dayandırılmasının zəruri olduğu bildirilib və bu terror hadisəsində onlarla günahsız iranlının şəhid olması və yaralanması "böyük cinayət" kimi qiymətləndirilib.

Onlar həmçinin bu çirkin terror aktını ən kəskin şəkildə pisləyib və sionist-amerikan terrorizmi və onun agentlərinin dayandırılmasının vacibliyini vurğulayıblar. Şəhidlərə Allahdan rəhmət, yaralananlara şəfa, ailələrinə səbr diləyiblər.

Malayziyanın baş naziri Ənvər İbrahim X sosial şəbəkəsində mesaj yayımlayaraq Kermanda törədilən terror aktını pisləyib.

Mesajda Malayziyanın günahsız insanlara qarşı hər cür zorakılığı qətiyyətlə pislədiyi bildirilir. Həmçinin artıq 3 aya yaxındır ki, İsrailin Fələstində günahsız insanları qətlə yetirdiyinə dünyanın şahidi olduğu qeyd olunub: “Malayziya dost ölkə olan İran İslam Respublikası və onun vətəndaşlarına başsağlığı verir və onlara həmrəyliyini çatdırır”.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü bu çətin zamanda İran hökuməti və xalqı ilə həmrəy olduqlarını bildirib.

Cənubi Koreya hökuməti Kermanda yüzdən çox insanın ölümü və çoxlu sayda iranlının yaralanması ilə nəticələnən bombalı hücumu qətiyyətlə pisləyib və bu hücumlara görə dərin kədər hissi keçirdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Kermanda törədilən terror aktlarını qətiyyətlə pisləyib, həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. O, həmçinin bildirib ki, Çin İranın milli təhlükəsizlik və sabitliyi qorumaq səylərini qətiyyətlə dəstəkləyir.

İslam Əməkdaşlıq Təşkilatı da İran hökuməti və xalqına başsağlığı verib.

Fələstin Muxtar Təşkilatı da İranda günahsız vətəndaşları hədəf alan partlayışları pisləyib və onlarla insanın ölümü və yaralanmasına səbəb olan hərəkəti terror aktı kimi qiymətləndirib.

İsveçrə Xarici İşlər Nazirliyi bu barədə məlumat verib: “Biz çoxlu sayda itkidən dəhşətə gəlirik. Qurbanların ailələri ilə həmrəy olduğumuzu bildiririk”.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi öz bəyanatında Kermandakı partlayışlardan sonra İran xalqının yanında olduqlarını və Yeni Zelandiyanın hər yerdə terrorun hər növünü pislədiyini vurğulayıb. O, həmçinin həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

4191904

Teqlər: terror ، reaksiya ، dünya ، iran
captcha