"İQNA", "News" saytına istinadən xəbər verir ki, Dubay Dini İşlər və Xeyriyyə Fəaliyyətləri İdarəsi (IACAD) bu əmirlikdə dünyanın ilk sualtı məscidinin tikintisinə tezliklə başlanacağını açıqlayıb.
Üçmərtəbəli olması planlaşdırılan məscid dünyada belə xüsusi arxitekturaya malik ilk bina olacaq. Məscidin planları ilə bağlı yayımlanan şəkillərə görə, yaşayış yerləri və kafelər də daxil olmaqla bu binanın yarısı suyun üstündə, digər yarısı isə ibadət yeri kimi istifadə edilən zal da daxil olmaqla suyun altında qalacaq.
Bu məscid 50-70 nəfər tutumuna malik olub və insanların su altında ibadət etmələrinə şərait yaradacaq. Bu binada dəstəmaz otağı və tualet olacaq. Bu layihənin tikintisinin 14,9 milyon dollara başa gələcəyi təxmin edilir.
"IACAD" üzvü Əhməd Mənsur məscidin tikintisinə yaxın vaxtlarda başlanacağını, lakin hələlik məscidin dəqiq yerinin müəyyən edilmədiyini bildirib.
O, həmçinin bildirib ki, məscid çimərliyə çox yaxın olacaq və ibadət edənlər məscidə quruya birləşdirilən körpü vasitəsilə daxil ola biləcəklər.
O əlavə edib ki, məscid bütün dinlərin nümayəndələri üçün açıq olacaq, lakin ziyarətçilər bağlı geyimdə olmalı, İslam adət-ənənələrinə riayət etməlidirlər.
4219882