Hizbullah Hərəkatının Baş katibi Şeyx Naim Qasim, "Biz müharibə istəmədiyimizi dəfələrlə vurğulamışıq, lakin Qəzzanı dəstəkləyirik və işğalçı rejim bizə qarşı müharibəyə davam edərsə, cavab verməyə hazırıq" deyib".
Sionist rejimin təcavüzkarlığının çox təhlükəli və ağrılı olduğunu vurğulayan Qasim, "Bu təcavüzkarlıq səbəbindən ilk 10 gün ərzində müvəqqəti olaraq çaşqınlıq içində idik," deyə əlavə edib.
Hizbullah rəsmisi çıxışında əlavə edib: "Hizbullah sionist rejimin daxili cəbhəsinə hücum edərək qarşı tərəfə böyük itkilər verdi. İşğal altındakı Fələstinin şimalında yüz minlərlə insan yerindən didərgin düşdü, lakin müqavimətin qətiyyəti səbəbindən düşmən çıxılmaz vəziyyətə düşdü. Müqavimət döyüşçülərinin əfsanəvi möhkəmliyi işğalçı ordunu qorxuya saldı və sionist siyasətçilər və gəlmələr arasında məyusluq yaratdı."
"Başlanğıcda müharibə istəmirdik, amma müharibənin sonunda biz rejimlə müharibə etdik," deyən Naim Qasim əlavə edib: "Bu müharibədə biz 2006-cı ildəki qələbədən daha böyük bir qələbə qazandıq. Qələbə qazandığımız zaman müharibəni dayandırmaq barədə razılığa gəldik və bundan qürur duyuruq."
Sionist rejim uğursuzluğa düçar oldu
Naim Qasim sözlərinin davamında bildirib: "Sionistlərin 61%-i müharibəni qazanmadıqlarını etiraf etdi. Uğursuzluq sionist rejimi hər tərəfdən əhatə etdi. Atəşkəs razılaşması bir müqavilə deyil, Təhlükəsizlik Şurasının 1701 saylı Qərarına dair tətbiq planıdır. Razılaşmanın tələblərini yerinə yetirmək üçün müqavimətlə Livan ordusu arasındakı koordinasiya yüksək səviyyədə olacaq. Biz Livan ordusuna milli komandanlıq və qüvvələr baxımından yanaşırıq və onun bizimlə eyni torpaqda yerləşdiyini qəbul edirik."
Hizbullah lideri əlavə edib: "Atəşkəs razılaşması Livanın suverenliyini qoruma çərçivəsində əldə edilib və biz bunu müdafiə hüququnu qorumağın qürurunu yaşayaraq qəbul etdik."
İran xalqına, hökumətinə və İnqilab Keşikçilərinə təşəkkür edən Hizbullah Baş katibi bildirib: "Qarşıdakı mərhələdə Livan xalqı ilə birlikdə ölkəni yenidən qurmağa başlayacağıq. Şəhid Seyid Həsən Nəsrullahın verdiyi sözə uyğun olaraq Livanı əvvəlkindən daha gözəl şəkildə bərpa edəcəyik."