Regional hökumət rəsmisi Şahid Rind bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücum baş verib.
Təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və "terrorla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.
Milli mediada hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyi iddia edilib.
Bu arada yerli polis bildirib ki, silahlı şəxslər Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan bölgəsində iki poliomielit mütəxəssisini oğurlayıblar.
Pakistanın terror problemi
Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib.
Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirib.
İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.
Bəlucistanda “BLA” hücumları ön plana çıxır. “BLA” Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə Bəluc xalqının hakim olmasını istəyir.