IQNA

Qəzzada uşaqlar qida çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirirlər

6:11 - May 10, 2025
Xəbər sayı: 3498154
İQNA - Soyqırımçı İsrailin Qəzzaya yardım axınını tamamilə əngəlləməsi bölgədə yaşayan təxminən iki milyon insanın aclığa bənzər şəraitlə üzləşməsinə səbəb olub.

BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi məlumatlara görə, ilin əvvəlindən bəri ən azı 9 min uşaq kəskin qida çatışmazlığından müalicə olunub.

Qəzzanın şimalında Əl-Əvda Xəstəxanasında çalışan qastroenteroloq və qidalanma mütəxəssisi Dr. Raed Əl-Baba, hər gün 100-ə yaxın uşaq müalicə etdiklərini və onların əksəriyyətinin aclıq səbəbindən xəstəxanaya gətirildiyini söylədi.

“Onlar əksər hallarda bir aylıq və iki yaş arasında olur. Bir çox uşaqlarda inkişaf geriliyi olur, ishal və anemiya çox yaygındır. Bu, raxit, əyilmiş ayaq və hərəkət qabiliyyətinin itirilməsinə səbəb olur. Görmə pozğunluqları da tez-tez rast gəlinir”, - Əl-Baba deyib.

Qəzzadakı ailələr deyirlər ki, əsas ərzaq təchizatı çətinləşib və qiymətlər ən azı 10 dəfə artıb. 25 kq xarab unun qiyməti 220 funt sterlinq, 1 kq düyü isə 8 funt sterlinqdir. Ət məhsulları tamamilə mövcud deyil. Bu vəziyyət bəzi yerlərdə talanlara da səbəb olub. Silahlı şəxslərin yardım paylama mərkəzlərinə basqın etdiyi bildirilir.

Ümumdünya Ərzaq Proqramı (WFP) keçən ay Qəzzada bütün ərzaq ehtiyatlarının tükəndiyini və dəstəklədiyi 25 çörək sexinin hamısının bağlandığını elan etdi.

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) verdiyi məlumatlara görə, 6-23 aylıq körpələrin və hamilə və ya süd verən anaların 92 faizi lazımi qidalanma almır. Qəzzada çalışan səhiyyə işçiləri yeni doğulan körpələrin qidalanmaması səbəbindən qoca kimi göründüyünü, bəzi körpələrin isə görmə qabiliyyətini itirdiyini bildirir.

Fələstinin baş naziri Məhəmməd Mustafa Qəzzanı “aclıq zonası” elan edib və BMT sistemini humanitar yardım mexanizmlərini işə salmağa çağırıb. Qəzzadakı Həmas rəhbərliyi müalicə alan 9000 uşaqdan 3500-nün ölüm təhlükəsi altında olduğunu açıqlayıb.

İsrailin baş naziri Binyamin Netanyahunun açıqlamalarına görə, Qəzzada HƏMAS-a qarşı daha “intensive” əməliyyat planlaşdırılır.

Hazırda Qəzza zolağının təxminən üçdə biri İsrail hərbçilərinin nəzarəti altındadır. Yeni plana görə, bölgənin bəzi hissələri daimi nəzarətdə saxlanılacaq və daha cənuba mülki əhalinin məcburi təxliyyəsi gündəmdə ola bilər.

İsrailin maliyyə naziri Bezalel Smotriç “Qəzza yaxın bir neçə ayda tamamilə məhv ediləcək” açıqlaması ilə mübahisə yaradıb.

Qəzzada yardım könüllüləri bildirirlər ki, insanlar günü yalnız bir yeməklə keçirməyə çalışırlar və uşaqlar huşunu itirirlər.

33 yaşlı Nacia Abu Ər-Rus, “Çörək indi bir xəyaldır. Mən yalnız övladlarıma duzlu düyü və su verə bilərəm” dedi, yardım işçisi Mustafa əl-Duhdar isə “dəbdəbə istəmirik, sadəcə sağ qalmaq istəyirik” dedi.

TRT

captcha