IQNA

Fransada müsəlmanlara qarşı zorakılıq 75 faiz artıb

4:12 - July 04, 2025
Xəbər sayı: 3498464
İQNA - Fransa rəsmiləri cümə axşamı bildiriblər ki, 2025-ci ilin ortalarına qədər qeydiyyata alınan anti-İslam fəaliyyətləri əvvəlki illə müqayisədə 75 faiz artıb və insanlara qarşı hücumlar üç dəfə çoxalıb.

“Əl-Cəzirə”-nin xəbərinə görə, Frans Press agentliyi Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, bu ilin ilk beş ayında 145 anti-İslam aktı qeydə alınıb. Halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 83 olub.

İnsanlara qarşı hücumların sayı 209 faiz artaraq 99-a çatıb. Halbuki 2024-cü ilin eyni dövründə bu cəmi 32 hücum idi. Həmin mənbəyə görə, bu hücumlar anti-İslam fəaliyyətlərinin üçdə ikisindən çoxunu təşkil edir.

Müsəlmanlar Fransada əhalinin təxminən 9 faizini təşkil edir. Bu ölkə, həmçinin Avropada təxminən 500 min nəfərlik ən böyük yəhudi icmasına sahibdir.

Bu ilin ilk beş ayında ümumilikdə 504 anti-semit hadisəsi qeydə alınıb. Halbuki bu rəqəm 2024-cü ilin eyni dövründə 662 idi və bu da 24 faiz azalma deməkdir. Bununla yanaşı, Frans Pressin məlumatına görə, 2025-ci ildə 322 anti-xristian aktı baş verib, halbuki bu rəqəm 2024-cü ilin eyni dövründə 284 idi – yəni 13 faiz artım baş verib.

Ötən ayın əvvəlində, Amerika jurnalı Jacobin Fransada artmaqda olan islamofobiya meylini və bunun bu ölkədəki müsəlman cəmiyyətinə ciddi təsirlərini vurğulayan bir hesabat yayımladı.

Hesabatda Fransanın siyasi liderləri islamofobiyanın güclənməsində rol oynamaqda ittiham olunur. Emmanuel Makronun prezidentliyi dövründə rəsmilər islamofobiyaya qarşı olan təşkilatları ləğv edib və sosial təcridə qarşı mübarizə bəhanəsi ilə müsəlmanlara qarşı siyasətlər tətbiq ediblər.

Ötən may ayında Parisdə minlərlə etirazçı ölkədə islamofobiyaya qarşı olan qrupların ləğvini və bəzi media orqanları tərəfindən İslamın və müsəlmanların siyasi və ideoloji məqsədlər üçün təhrif edilməsini pisləyiblər.

4292446

captcha