IQNA

HƏMAS-ın 10 sionist əsirin azad edilməsinə razılıq verməsi

1:20 - July 11, 2025
Xəbər sayı: 3498502
İQNA - İslam Müqavimət Hərəkatı HƏMAS verdiyi bəyanatda, hazırda davam edən danışıqların uğurla nəticələnməsi üçün göstərilən səylərə dəstək olaraq, 10 sionist rejimi əsirinin azad edilməsinə razılıq verdiyini açıqlayıb.

“Əl-Aləm” informasiya agentliyinin verdiyi xəbərə görə, HƏMAS bəyanatda bildirir ki, bu hərəkatın rəhbərləri, Fələstin xalqına qarşı aparılan müharibənin dayandırılması, humanitar yardımların təhlükəsiz və sərbəst şəkildə bölgəyə daxil olmasının təmin edilməsi və Qəzza əhalisinin ağır əzablarının azaldılması məqsədilə aparılan danışıqların uğurla başa çatması üçün ciddi və məsuliyyətli şəkildə fəaliyyətlərini davam etdirirlər.

HƏMAS bəyanatda əlavə edib ki, bu çərçivədə, danışıqların irəliləməsi məqsədilə zəruri elastiklik göstərərək praktik bir addım atıblar. Bununla belə, əsas məsələlər hələ də danışıqlar masasındadır. Bu məsələlərin başında isə daimi yardım axınının təmin edilməsi, işğalçı qüvvələrin Qəzza zolağından tamamilə geri çəkilməsi və daimi atəşkəsin təminatı üçün real zəmanətlərin verilməsi durur.

Bəyanatın sonunda HƏMAS qeyd edib ki, sionist rejimin təxribatları və inadkarlığı səbəbindən danışıqlar çətinliklərlə üzləşsə də, bu hərəkat mövcud maneələri aradan qaldırmaq, Fələstin xalqının iztirabına son qoymaq və onların azadlıq, təhlükəsizlik və ləyaqətli həyatla bağlı qanuni tələblərinin həyata keçməsi üçün vasitəçilərlə ciddi və müsbət ruhla əməkdaşlığa davam edir.

4293566

captcha