IQNA

Britaniyada yeni antİslam kitab mübahisələrə səbəb oldu

14:47 - July 13, 2025
Xəbər sayı: 3498517
İQNA - Britaniyada islamofobiyanın artdığı, məscidlərə hücumların və müsəlmanlara qarşı təhsil, məşğulluq və mediada ayrı-seçkiliyin çoxaldığı bir vaxtda, britaniyalı bir müəllifin yeni kitabı — İslamı xristianlığın düşməni kimi təsvir etdiyi əsər — ölkənin ziyalı və siyasi dairələrində geniş mübahisələr doğurub.

“İQNA”-nın “Five Pillars” saytına istinadla verdiyi xəbərə görə, britaniyalı yazar Tim Dieppe-nin yeni nəşr olunmuş kitabı olan “İslam Çağırışı: Britaniyada İslamın artan nüfuzunu anlamaq və ona cavab vermək” (The Challenge of Islam: Understanding and responding to Islam’s increasing influence in the UK) ölkənin ziyalı çevrələrində və siyasi sferasında ciddi narahatlıq doğurub. Kitabda İslamın xristianlığa düşmən olduğu və bu dinin Britaniyada yayılmasının təhlükəli olduğu iddia edilir. Bu əsər, müsəlmanlara qarşı düşmən ritorikaların təhlükəli şəkildə artdığını göstərir.

Kitab, “Wilberforce” nəşriyyatı tərəfindən nəşr olunub və dini təhriklərlə müşayiət olunan mədəni qorxu yaratma məqsədi daşıyır. Əsərdə Britaniyadakı müsəlman cəmiyyəti qapalı, radikal və uyğunsuz bir ictimaiyyət kimi təqdim edilir.

Tim Dieppe öz açıqlamasında — hansı ki geniş şəkildə tənqid olunub — bildirib ki, “müsəlmanlar xilas edilə bilər, amma İslam özü xilas edilə bilməz”. O, həmçinin multikulturalizm prinsipinə hücum edərək, müxtəlif mədəniyyətlərin qəbul olunmasını və dinlərarası bərabərliyi sual altına alıb. Dieppe iddia edir ki, xristian Qərb dəyərləri İslam dəyərlərindən üstündür. Bu da ayrı-seçkiliyə haqq qazandırmağa və nifrəti körükləməyə zəmin yaradır.

Kitabda eyni zamanda İslami fikirlərə senzura qoyulması və İslamla bağlı ifadə azadlığına məhdudiyyətlər tətbiq olunması üçün dolayı çağırışlar yer alır. Bütün bunlar isə guya Britaniya kimliyinin qorunması bəhanəsi ilə əsaslandırılır, halbuki bu yanaşma, müdafiə etdiyini iddia etdiyi demokratik prinsiplərlə ziddiyyət təşkil edir.

Kitabın təqdimatında deyilir:

“İslamın Britaniyadakı nüfuzu sürətlə artır. Bu, siyasət, maliyyə, moda, qida, ifadə azadlığına qoyulan məhdudiyyətlər və bir çox digər sahələrdə müşahidə olunur. İslam açıq şəkildə ölkə daxilində daha çox təsir sahibi olmağa çalışır. Bu məsələ, Britaniyadakı xristianlar üçün ciddi bir çağırışdır. Biz buna necə cavab verəcəyik?”

Tim Dieppe kitabda bu çağırışın miqyasını açıqlayır və İslamın mahiyyəti və Britaniya mədəniyyətinin necə formalaşdığı barədə yazdığı müxtəlif məqalələri bir araya gətirir. O, əsərin sonunda bəzi təkliflər də irəli sürür ki, bunların dəyişiklik yarada biləcəyini düşünür.

Bu kitabın nəşri elə bir dövrə təsadüf edir ki, Britaniyada islamofobiya artır, məscidlərə hücumlar və təhsil, iş və mediada müsəlmanlara qarşı ayrı-seçkilik geniş vüsət alır. Bu faktlar, sözügedən kitabı İslama və müsəlmanlara qarşı Qərbdə aparılan söz və fikir müharibəsinin bir hissəsinə çevirir.

4293808

captcha