IQNA

Şarcə Quran cəmiyyəti yay proqramının üçüncüsü başa çatıb

13:20 - August 02, 2025
Xəbər sayı: 3498629
İQNA - Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərində fəaliyyət göstərən Quran Cəmiyyətinin üçüncü yay proqramı cümə axşamı, avqustun 1-də öz işini başa vurdu.

“İQNA”-nın “Əl-İttihad” qəzetinə istinadən verdiyi xəbərə görə, “Orijinal Quran Mədəniyyətinə Doğru” şüarı ilə keçirilən üçüncü yay proqramı 7–31 iyul tarixlərində təşkil olunub. Proqram 1050-dən çox iştirakçını və sosial media platformaları vasitəsilə 293 mindən çox canlı izləyicini cəlb edib.

Şarcə Quran Cəmiyyətinin məlumatına əsasən, bu tədbirdə iştirak edənlərin çoxluğu BƏƏ cəmiyyətinin yay və inkişaf yönümlü proqramlara verdiyi yüksək önəmi göstərir. Tədbirin əsas məqsədlərindən biri müxtəlif nəsillərin bacarıqlarını sınamaq və onların elmi, şəxsi və ictimai qabiliyyətlərini inkişaf etdirmək olub.

Şarcə Quran Cəmiyyətinin baş katibi Abdullah Xələf əl-Hüseyni tədbirin bağlanış mərasimində bildirib: “Cəmiyyətin baxış və məqsədləri çərçivəsində həyata keçirilən bu fəaliyyətlər BƏƏ vətəndaşlarına elmi və idrak qabiliyyətlərini artırmaq imkanı verir.”

O əlavə edib ki, bu elmi tədbirlərə və yay proqramlarına olan geniş maraq və iştirak, Şarcə Quran Cəmiyyətinin elmi və ictimai mövqeyinin və missiyasının böyük uğur qazandığını göstərir.

Yay proqramı çərçivəsində iştirakçıların müxtəlif sahələrdə – o cümlədən Qurani-kərimin xətti, yazılması, təcvid elminin əsasları, hərflərin çıxış yerləri və Quranla ünsiyyət təcrübəsinin paylaşılması üzrə bacarıqlarını artırmağa yönəlmiş kurs və praktiki seminarlar təşkil olunub.

Tədbirin sonunda Abdullah Xələf əl-Hüseyni, tanınmış BƏƏ-li qarilərdən olan Həzza əl-Bəlucinin və bir sıra Quran məsullarının iştirakı ilə üçüncü yay proqramında əməkdaşlıq edən qrupları və seçilən iştirakçıları təltif edib.

4297664

captcha