İQNA “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Amnesty International təşkilatının apardığı araşdırma “X” platformasında zorakılıq, nifrət və emosional reaksiyalar doğuran paylaşımların sistematik şəkildə önə çıxarıldığını və bunun qarşısını almaq üçün kifayət qədər təhlükəsizlik tədbirlərinin görülmədiyini üzə çıxarıb.
Araşdırmaya görə, ötən il Sautportda üç gənc qızın qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə bu hücumun guya müsəlman bir miqrant tərəfindən törədildiyi barədə yalan məlumatlar yayılıb. Halbuki hücum edən şəxs – Aksel Rudakobana – Uelsin Kardiff şəhərində doğulmuş bir Britaniya vətəndaşı idi.
Bu yalan məlumatların ardından ölkənin müxtəlif bölgələrində məscidlərə, islam mərkəzlərinə və miqrantların yerləşdiyi otellərə hücumlar təşkil olunub.
Amnesty International-ın texniki analizində qeyd olunub ki, “X” platformasının tövsiyə sistemi məqsədli şəkildə mübahisə və emosional reaksiya doğuran məzmunları önə çəkir, lakin bu paylaşımların fəsadlarını azaltmaq üçün ciddi addımlar atmır.
Təşkilatın hesabatında vurğulanır ki, İlon Mask bu platformanı 2022-ci ilin sonunda satın aldıqdan sonra məzmun nəzarəti ilə məşğul olan heyət işdən çıxarılıb, əvvəlcədən bloklanan hesablar yenidən aktivləşdirilib və təhlükəsizlik strukturuna dair nəzarət zəiflədilib.
4298750