“İQNA”-nın “Theborneopost”-a istinadən verdiyi xəbərə görə, Saravak ştatında Quranın köhnəlmiş və istifadəyə yararsız nüsxələrinin ehtiramla dəfn edilməsi və aradan aparılması üçün təbiətə uyğun bir yanaşma qəbul olunub.
Bintulu limanında təşkil edilən mərasimdə Qurani-Kərim nüsxələri xüsusi bioloji cəhətdən parçalanan kağız torbalara qoyularaq hörmətlə dənizə buraxılıb.
Bu təşəbbüsdə istifadə olunan xüsusi kağız torbalar dəniz suyunda tamamilə həll olur. Bu əməl həm Allah kəlamına ehtiramı qoruyur, həm də ətraf mühitin davamlılığını təmin edir.
Keçən çərşənbə günü Bintulu limanında keçirilən bu mərasimi Saravakın müftisi Kifli Yasin idarə edib.
Tədbir Bintulu İslam Rifahi İdarə Heyəti, Saravak İslam Dini İdarəsi (Jais) və bir neçə əlaqədar qurumun birgə təşkilatçılığı ilə baş tutub.
Saravak İctimaiyyətlə Əlaqələr İdarəsinin (Ukas) məlumatına görə, müfti Kifli sözügedən mərasimdə bildirib ki, bu yenilik dəniz ekosisteminə heç bir zərər vermir.
Onun sözlərinə görə, kağız torbalar tamamilə dəniz suyunda parçalanır və bu üsul dənizlərin gələcək nəsillər üçün qorunmasını təmin edir. Quranın bu şəkildə ehtiramla məhv edilməsi yalnız onun müqəddəsliyini qorumaqla kifayətlənmir, həm də ətraf mühitin davamlılığı prinsipini əks etdirir.
Kifli əlavə edib ki, bu təşəbbüs Saravakı tanıdan bir addımdır və texnologiyanın İslam adətləri ilə uyğunlaşdırılmasında qabaqlayıcı bir tədbir sayılır. O, vurğulayıb ki, bu üsul Milli Fətva Şurasının müəyyən etdiyi qaydalara tam uyğun gəlir və Quranın köhnə nüsxələrinin məhv edilməsi prosesi böyük hörmət və diqqətlə icra olunur.
O həmçinin təklif edib ki, bu yanaşma bütün Saravakda standart əməliyyat proseduru (SOP) kimi qəbul olunsun. Bu tədbirin davamlı və düzgün icrası üçün bütün əlaqədar qurumların əməkdaşlığının vacibliyini xüsusi qeyd edib.
4300118