IQNA

Sudani, Nuri Cümə Məscidi və məşhur Hədba minarəsinin açılışını edib

13:04 - September 02, 2025
Xəbər sayı: 3498795
İQNA - İraqın Baş naziri Sudani Mosula səfəri çərçivəsində İŞİD terrorçuları tərəfindən işğal zamanı dağıdılan Nuri Cümə Məscidi və məşhur Hədba minarəsini bərpadan sonra açılış edib.

“İQNA”-nın “Middle East”ə istinadla verdiyi xəbərə görə, İraq Baş Nazirliyinin bəyanatında bildirilib ki, Sudani Nuri Cümə Məscidinin və Hədba minarəsinin açılış mərasimində çıxış edərək, İraq hökumətinin tarixi irsə mədəni və sivilizasion baxışla yanaşdığını vurğulayıb.

O əlavə edib ki, Hədba minarəsi əvvəlkindən daha gözəl şəkildə bərpa olunub və bu, terror üzərində qələbənin nişanəsidir.

Baş nazir çıxışında Nuri Cümə Məscidinin əhəmiyyətinə toxunaraq, onu İraqda İslam sivilizasiyasının aydın simvolu adlandırıb. O, bu məscidin İraq xalqının insani yolunun davamını göstərdiyini və bütün təbəqələr arasında qardaşlıq və dinc birgəyaşayışla müşayiət olunduğunu bildirib.

Sudani bu dəyərli irsin dirçəldilməsində rol oynayan bütün tərəflərə – BƏƏ hökumətinə, YUNESKO-ya, İraq Mədəniyyət Nazirliyinə, Sünni Vəqflər Divanına, Mosul valiliyinə, müxtəlif sahələrdə çalışan beynəlxalq və iraqlı mütəxəssislərə və “Mosulun Ruhunu Dirçəltmək” layihəsini dəstəkləyən hər kəsə təşəkkür edib.

Baş nazir tarixi Hədba minarəsinin bərpasını İraq xalqının böyük qələbəsinin başqa bir rəmzi adlandırıb və qaranlıq düşüncəli qrupların fitnə, ixtilaf və nifrət yaymaq cəhdlərinin əbədi məğlubiyyəti olduğunu vurğulayıb. O əlavə edib ki, onların qəlbləri İraqın orijinal memarlıq abidələrinə qarşı nifrət və cəhalətlə dolu idi.

Sudani terrorçuların Hədba minarəsini partlatmasını Mosul şəhərinin ruhunu məhv etmək və onun şanlı tarixi ilə bağlarını qoparmaq cəhdi kimi dəyərləndirib. O, Nuri Məscidinin və Yunis peyğəmbər məscidinin dağıdılmasını terrorun əxlaqi cəhətdən tam süqutu və dəyərsizliyinin bariz nümunəsi adlandıraraq, bunun dünya qarşısında ifşa olunduğunu bildirib.

O vurğulayıb: “Nuri Məscidinin və onun minarəsinin bərpası tarixdə parlaq bir səhifə olacaq və iraqlıların cəsarətini, vətənlərini müdafiə etdiklərini düşmənlərə xatırladacaq”.

Sudani Mosul cəmiyyətinin müxtəlifliyinə işarə edərək bildirib ki, İraq hökuməti ölkənin tarixi və memarlıq irsinə mədəni və sivilizasion yanaşma ortaya qoyur və bu, İraqın tarixi yaddaşını diri saxlayır.

O əlavə edib: “Biz İraqın mədəniyyətini, irsini və tarixi abidələrini dəstəkləməyə davam edəcəyik. Çünki bu irs ictimai bir zərurət, dünya ilə ünsiyyət qapısı, davamlı inkişaf üçün fürsət və gənclərin yaradıcılığı üçün meydandır”.

Hədba minarəsi əyri olması səbəbilə dünya miqyasında şöhrət qazanıb.

Mərasim zamanı Ninəva valisi Əbdülqadir Dəxil vurğulayıb ki, Ninəva Sudani hökuməti dövründə geniş tikinti və bərpa işlərinin şahidi olub.

İraqın mədəniyyət naziri Əhməd Fəkkak Bədrani isə bildirib ki, bu işlər İraq və BƏƏ hökumətləri, Sünni Vəqflər Divanı, Mədəniyyət Nazirliyi və İraqın Qədim Əsərlər Təşkilatı, həmçinin YUNESKO və Ninəva valiliyinin dəstəyi ilə birgə həyata keçirilib.

BMT baş katibinin İraqdakı nümayəndəsi Məhəmməd Həssan isə deyib ki, bu gün biz Mosulda dayanaraq, onun terror üzərində qələbəsini bəyan edirik.

BƏƏ hökumət üzvü və sabiq mədəniyyət naziri Nura əl-Kəbi də bildirib ki, irsin qorunması əl çəkilməz mənəvi məsuliyyətdir.

4302858

Teqlər: İraq ، məscid ، minarə ، İŞİd
captcha