“İQNA”-nın xəbərinə görə, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Moskva Beynəlxalq Kitab Sərgisinin otuz səkkizinci tədbiri müxtəlif İran nəşriyyatlarının 320-dən çox adda kitabının iştirakı ilə 2025-ci il sentyabrın 3-də VDNX sərgi mərkəzində işinə başlayıb.
Rusiyanın bir sıra mədəni, ədəbi və media şəxsiyyətlərinin, həmçinin Serbiya, İran, Türkiyə, Argentina, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən qonaqların iştirakı ilə keçirilən açılış mərasimində bu ölkələrdən təxminən 50 nəşriyyat rusiyalı oxuculara təqdim olunub.
Rusiya Federasiyasındakı İran İslam Respublikasının səfirliyinin mədəni müşavirliyinin dəstəyi ilə, İran Kitab və Ədəbiyyat Evi İnstitutunun iştirakı ilə qurulan İran İslam Respublikasının stendində İslamşünaslıq və iranşünaslıq, fars dili, incəsənət və müqavimət ədəbiyyatı, klassik və müasir ədəbiyyat sahələrinə aid müxtəlif İran nəşriyyatlarının 320-dən çox adda kitabı, həmçinin Rəhmət Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludunun 1500 illiyi münasibətilə rus dilinə tərcümə olunmuş əsərlər və Qurani-Kərim kimi qiymətli əsərlər təqdim olunub və sərginin ilk günündə onlarla ziyarətçinin toplaşdığı məkan olub.
Həmçinin bu tədbirin 3-cü Beynəlxalq Uşaq və Yeniyetmə Kitab Sərgisi ilə eyni vaxtda keçirilməsi səbəbilə, İran stendinin bir hissəsi uşaqlar üçün nəzərdə tutulmuş məhsullara – uşaq və yeniyetmə kitablarının illüstratoru Atifə Mələki Conun təsvir panelləri və rəssamlıq əsərlərinə, eləcə də bu yaş qrupları üçün hekayələr yazan İrandan Marjan Fuladvəndin əsərlərinə həsr edilib.
Bu sənətkarlar Moskva kitab sərgisi günlərində həm sərgi çərçivəsində, həm də Moskva Dövlət Universitetində və Dilçilik Universitetində uşaqlar və böyüklər üçün 4 təlim seminarında uşaq və yeniyetmə kitablarının illüstrasiyası, animasiya hazırlanması və İran mifologiyası hekayələrinin nəqli sahəsindəki təcrübələrini sərgi ziyarətçiləri və iranşünaslıq, fars dili və ədəbiyyatı üzrə tələbələrlə bölüşəcəklər.
Moskva Beynəlxalq Kitab Sərgisinin otuz səkkizinci və Uşaq və Yeniyetmə Kitablarının üçüncü Beynəlxalq Sərgisi 2025-ci il sentyabrın 3-dən 7-dək Rusiya və digər ölkələrin müxtəlif bölgələrindən 300-dən çox nəşriyyat və kitab paylayıcısının iştirakı ilə keçiriləcək.
Əsas tədbirlə yanaşı, kitab bazarı üzrə ekspertlərin, yazıçıların, illüstratorların, nəşriyyatların və kitab sənəti xadimlərinin iştirakı ilə müxtəlif proqramlar ziyarətçilər üçün təşkil olunub. Bu il sərginin fəxri qonağı Hindistan olacaq və onun stendində müasir texnologiyalar, süni intellekt və bu ölkənin mədəni müxtəlifliyinə həsr olunmuş 50-dən çox tədbir keçiriləcək. Burada 70-dən çox hind və rus mütəxəssisi iştirak edəcək.
4303312