“İQNA” müxbirinin məlumatına görə, 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransı, sentyabrın 17-də prezident Məsud Pezeşkian və Dünya İslam Məzhəblərinin Təqrib Qurumu baş katibi Höccətül-islam Həmid Şəhriyarinin çıxışı ilə Tehranda Zirvələr Sarayında işə başladı.
Açılış mərasimində çıxış edən Əziz Hasnoviç vurğuladı: “Peyğəmbər (s) bütün insanlara və canlılara rəhmət nümunəsi və örnəyi idi. Ümmət hərtərəfli olaraq rəhmətin aynası olmalıdır. Ona görə də biz rəhməti yaymalı və həyatımızın bütün sahələrində onun nişanələrini görməliyik”.
Xorvatiyanın baş müftisi qeyd etdi: “Bu gün Qəzzada sionist rejimin cinayətləri davam etdiyi halda rəhmətdən danışmaq olmaz. Qəzza səhnəsi böyük ilahi imtahandır. Qəzzanın hər bir guşəsindən qadın və uşaqların fəryadı eşidilir.”
O əlavə etdi: “Bu gün sual yaranır – biz doğrudanmı İslamın rəhmətini əks etdiririk? Biz Peyğəmbərin (s) rəhmətini əməlimizdə göstərməliyik”.
Müfti Hasnoviç davam edərək bildirdi: “İslam ümməti bu gün Peyğəmbərin (s) yolunu həyata keçirməli və bütün müsəlmanların bu yolla getməsi üçün zəmin yaratmalıdır”.
Çıxışının sonunda Xorvatiyanın baş müftisi dedi: “Bütün İslam alimləri məsuliyyətlərini yerinə yetirməli, fələstinlilərin yalnız sözlə deyil, əməldə də dəstəkçisi və bayraqdarları olmalıdır”.
“Vəhdət şüar deyil, şüurdur.”
Mərasimdə çıxış edən İraq Hikmət Hərəkatının rəhbəri Əmmar Həkim isə dedi: “Vəhdət o demək deyil ki, əqidəmizdən əl çəkək, əksinə, qlobal miqyasda mövcudluğumuzu hədəf alan təhdidlər qarşısında birləşməliyik”.
Əmmar Həkim İraq cəmiyyətinin birləşdiyini və İslam ümmətinə qucaq açdığını vurğuladı. O, İsrailin İrana qarşı 12 günlük müharibə zamanı etdiyi hücumlara toxunaraq dedi: “İran xalqı ilə rəhbərliyi arasındakı birlik və həmrəylik mühüm qüdrət amillərindən biri idi ki, bu ölkəni İsrail təcavüzünə qarşı qorudu”.
O, həmçinin sionistlərin “Böyük İsrail” layihəsinə işarə edərək bildirdi: “İsrail müsəlman torpaqlarını işğal etməklə özünü genişləndirmək niyyətindədir və bu, İslam dünyasını və bütün region ölkələrini böyük sınaqlar qarşısında qoyur”.
Əmmar Həkim xəbərdarlıq etdi: “İsrail qarşısında təslim olmaq ardıcıl şəkildə məğlubiyyətlərə gətirib çıxaracaq”.
Daha sonra Pakistan Milli İslam Həmrəyliyi Şurasının sədri Sahibzadə Əbülxeyr çıxış edərək dedi: “Allah Peyğəmbərə (s) buyurdu ki, “Biz səni aləmlərə rəhmət olaraq göndərdik.”
O bildirdi: “İsrail və onun müttəfiqləri rəhmətdən heç bir pay almayıblar. Bu gün Qəzzada uşaqlar aclıq və susuzluqdan ölür, lakin müsəlman ölkələrinin rəhbərləri heç bir addım atmırlar.
Əbülxeyr Pakistanın daxilində düşmənlərin məzhəb fitnəsi yaratmaq cəhdlərinə toxunaraq dedi: “Bu gün Pakistanın bütün İslam məzhəbləri İslam Həmrəyliyi Şurası çərçivəsində birləşib”.
O, həmçinin Pakistan xalqının İran xalqına dəstəyinə diqqət çəkərək dedi: “İran xalqı Qəzza və Fələstin müsəlmanlarını müdafiə etdi, buna görə də İsrail ABŞ-ın köməyi ilə İrana hücum etdi”.
İraq Respublikasının sünni müftisi Şeyx Mehdi Sümeydi də çıxışında dedi: “Müsəlmanlar hazırda qəflət yuxusuna dalıblar və sionist düşmən bu vəziyyətdən istifadə edərək cinayətlərini davam etdirir”.
Şeyx Sümeydi vurğuladı: “İslam ümməti bu gün çətin vəziyyətdədir. Bütün müsəlmanlar bir səslə, bir istiqamətdə düşmənə qarşı dayanmalıdır. Çünki düşmən əsassız təkəbbürlə İslam ölkələrinin rəhbərlərini hədələməyə cəsarət tapıb. Bu da ümmətlərin dərin yuxuya getməsinin nəticəsidir”.
Bundan əlavə, Livan parlamentinin sədri Nəbi Berrinin nümayəndəsi Salah Vəxs, Türkiyə Diyanət Təşkilatı sədrinin müavini Qədir Dinç və Livan Ali İslam Şiə Şurası sədrinin müavini Şeyx Əli Xətib də açılış mərasimində çıxış edənlər arasında oldular.
Qeyd edək ki, 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransı 6–10 sentyabr 2025-ci il tarixlərində Tehranda keçirilir.
Hesabata görə, bu dövrdə keçirilən Vəhdət Konfransında 210-dan artıq yerli və xarici şəxsiyyət iştirak edir ki, onların arasında 80-dən çox tanınmış beynəlxalq alim – nazirlər, baş müftilər, prezidentlərin müşavirləri, böyük İslam təşkilatlarının müavinləri və rəhbərləri, həmçinin İslam ölkələrinin sabiq baş nazirləri yer alır. Bundan əlavə, bu mərhələdə təqribə (məzhəblərin yaxınlaşması) dair kitabların təqdimatı, böyük mərcəyi-təqlidlərin müraciətləri, beynəlxalq və yerli qadınlar toplantısı, eləcə də yerli alimlərin iştirakı ilə iclaslar keçiriləcək.
4303983