“İQNA”-nın “Middle East News”-a istinadən verdiyi xəbərə görə, Qəzzanın mühasirəsini yarmaq məqsədilə bu bölgənin sahillərinə doğru hərəkət edən “Səmud” (Müqavimət) donanmasının rəhbərliyi bildirib ki, donanmanın əsas gəmisi bu gün, çərşənbə axşamı, sübh tezdən PUA hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.
Donanmanın rəhbərliyindən Tyaqo Avila açıqlayıb: “Family” gəmisi Tunis sahillərində yandırıcı PUA ilə hədəfə alınıb, lakin gəmidə olan heyət üzvlərinə heç bir zərər dəyməyib.
“Əl-Cəzirə”nin məlumatına görə, donanmanın media komitəsi “Family” gəmisinin Tunis sahillərində hədəfə alınma anını əks etdirən videonu yayımlayıb. Bu hücumdan sonra donanmanın rəsmi sözçüsü Seyf Əbu Kəşk vurğulayıb ki, donanma bu hücuma baxmayaraq hərəkətini davam etdirəcək. Qeyd olunub ki, donanma Tunisin Sidi Busaid limanından yola çıxmalı idi ki, İsrailin Qəzza zolağına tətbiq etdiyi mühasirəni yarmağa çalışsın.
Bu vaxt Tunis polisi yanğını nəzarət altına alaraq söndürüb və açıqlayıb ki, hadisə nəticəsində heç bir itki olmayıb.
Digər tərəfdən Tunis Milli Qvardiyasının sözçüsü bildirib: “Donanmanın gəmilərindən birində baş verən yanğın daxili texniki nasazlıqdan qaynaqlanıb, PUA hücumu olmayıb. İlkin araşdırmalara görə, yanğın xilasedici jiletin alışmasından meydana gəlib”.
Hücumdan sonra çox sayda insan Tunis limanında toplaşaraq şüarlar səsləndiriblər və bu hücumu sərt şəkildə qınayıblar.
Eyni zamanda, BMT-nin Fələstin torpaqlarında insan haqları üzrə xüsusi məruzəçisi Franseska Albanese sosial şəbəkə “X”də paylaşım edərək yazıb: “Ən mümkün ehtimal budur ki, bu qayığa PUA ilə hücum olunub”.
Albanese əlavə edib ki, “Səmud” donanmasının digər iki qayığı da Tunisə doğru hərəkətdədir və təcili qorunmaya ehtiyacları var.
4304273