IQNA

Misir: Qəzzada atəşkəs olmadan sülh mümkün deyil

0:59 - September 15, 2025
Xəbər sayı: 3498867
İQNA - Misir Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasında iki dövlətli həll ilə bağlı Nyu-York Bəyannaməsinin qəbulunu alqışlayaraq, Yaxın Şərqdə sülh prosesinin bərpası və İsrailin təcavüzkar siyasətlərinə son qoyulması üçün səylərin göstərilməsinə çağırıb.

“Əl-Ərabi əl-Yəvm”-in verdiyi xəbərə görə, Misir Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasında iki dövlətli həll ilə bağlı qəbul edilən Nyu-York Bəyannaməsini müsbət qarşılayıb və müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyən bu sənədi alqışladığını bəyan edib.

Nazirliyin bəyanatında vurğulanıb ki, 142 ölkənin bu bəyannaməni dəstəkləməsi, fələstinlilərin qanuni hüquqlarına – ilk növbədə onların öz müqəddəratını təyin etmək və 1967-ci il 4 iyun sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmaq hüququna – beynəlxalq miqyasda açıq dəstəyin göstəricisidir.

Misir, bu qərarı dəstəkləyən bütün ölkələri onun icrası üçün birgə səy göstərməyə çağırıb ki, Yaxın Şərqə sülh qayıtsın və İsrailin təcavüzkar siyasətlərinə son qoyulsun.

Bəyanatda qeyd olunub ki, bu məqsədə yalnız Qəzza zolağında atəşkəsin təmin olunması, sionist rejimin açıq-aşkar qanun pozuntularına son qoyulması və Fələstin xalqını öz torpaqlarını tərk etməyə məcbur etmək üçün aclıq silahından və mühasirədən istifadə praktikasının dayandırılması ilə nail olmaq olar.

BMT Baş Assambleyası, cümə günü Fransa və Səudiyyə Ərəbistanının təqdim etdiyi iki dövlətli həll və Fələstin dövlətinin yaradılmasına dair bəyannaməni 142 lehinə, 10 əleyhinə və 12 bitərəf səslə qəbul edib.

4304740

captcha