IQNA

600 illik məscid – Balkanların qəlbində İslamın dərin köklərinin şahidi

11:08 - September 26, 2025
Xəbər sayı: 3498927
İQNA - Bosniyadakı 600 illik Kuşlat məscidi, bu bölgədə İslam etiqadlarının dərinləşməsinin şahididir.

“İQNA”-nın “Daily Sabah”-a istinadla verdiyi xəbərə görə, tarixi Kuşlat məscidi Drinjaça çayının dərəsi üzərində, 500 metr hündürlüyündə yaşıl qayalıq üzərində yerləşir və Bosniya və Herseqovinanın ən möhtəşəm tarixi tikililərindən biri sayılır. Bu məscid ölkənin ən qədim məscidlərindən biridir.

Məscid elə dağın ətəyinə inşa olunub ki, sanki göydə asılı qalıb. Buna görə də yerli əhali ona “Səmada asılmış məscid” adı verib.

Yüksək mövqeyinə görə bu məscid həmçinin “Qartal yuvası” adı ilə də tanınır. O, 1460–1480-ci illərdə Bosniya və Herseqovinanı fəth etməyə gələn Osmanlı ordusu tərəfindən inşa edilib.

Məscid həm mənəvi, həm də mədəni bir rəmzdir, gözəllik və sakitlik axtaran turistləri və tədqiqatçıları özünə cəlb edir. Kuşlat məscidi Bosniya və Herseqovinada mövcud olan ən qədim məscidlərdən biridir. Osmanlı səyyahı Övliya Çələbi öz “Səyahətnamə” əsərində ondan “Əbul-Fəth məscidi” kimi bəhs edir. Çünki bu məscid Sultan II Mehmet Fateh dönəmində inşa olunub.

Məscidə getmək asan deyil – sıx meşəlikdən keçən dar cığırlar boyunca təxminən yarım saat piyada yürüşlə ora çatmaq mümkündür. Bu yol həm təbiətdə gəzinti macərasını, həm də nəfəs kəsən mənzərələrə açılan zirvəyə qalxma həyəcanını birləşdirən unikal bir təcrübə bəxş edir.

21 yaşlı bölgə sakini Əhməd Huroviç deyir ki, bu məscid bosniyalıların qəlbində xüsusi bir yer tutur. O əlavə edib ki, çox vaxt ruhi sakitlik axtaranda bura baş çəkir. Bu məkan həm tarixi baxımdan zəngindir, həm də seçilən mənəvi dəyərə malikdir.

Onun sözlərinə görə, bir çox turistlər məhz bu “xüsusi hissi” yaşamaq üçün buraya gəlirlər. Məkanın gözəlliyi çətin yolun əziyyətini tamamilə kompensasiya edir.

Uzaq mövqeyinə görə gündəlik namazlar müntəzəm qılınmasa da, məscid Ramazan ayında böyük toplantılara ev sahibliyi edir, cümə namazı burada qılınır və beş əsrdən artıq tarixi ilə öz mənəvi rolunu qoruyub saxlayır.

Bosniya müharibəsi (1992–1995) zamanı yüzlərlə başqa məscid kimi bu məscid də dağıdılmaqdan sığortalanmadı və serb qüvvələri tərəfindən yandırıldı.

Bosniya rəsmiləri onu bərpa edərək 2013-cü ildə ibadət üçün yenidən açdılar. Bu gün isə məscid tarixlə təbiətin ehtişamını birləşdirən mühüm bir abidə kimi qalmaqda davam edir və bütün çətinliklərə baxmayaraq, Bosniyada İslam kimliyinin köklü olmasını bir daha vurğulayır.

4306902

captcha