“İQNA” müxbirinin verdiyi xəbərə görə, çərşənbə günü, oktyabrın 1-də Müqəddəs Cəmkəran məscidinin ab-havası tamamilə dəyişmişdi. Səhərin ilk saatlarından etibarən İrandan müxtəlif bölgələrdən gələn gənc və yeniyetmə qiraətçilərin səsi və hərarəti “Yavərani Mehdi (ə.f)” kompleksini bürümüşdü.
Müsabiqə iştirakçılarının həyəcanı
Müsabiqənin ilk tilavətini Beynəlxalq Quran Müsabiqəsinin birincisi Seyid Məhəmməd Hüseynipur həyata keçirdi və yarışın coşqusu daha da artdı. Zalın müxtəlif guşələrində 14 yaşlı yeniyetmədən 24 yaşlı gəncə qədər iştirakçıların üzlərində şirin bir həyəcan oxunurdu. Bəziləri əllərində Quranla öz tilavətlərini təkrar edirdilər, digərləri isə rəqiblərinin oxunuşuna diqqətlə qulaq asırdılar.
Xorasan-Rəzəvi vilayətindən gələn bir yeniyetmə qiraətçi parlaq gözlərlə dedi: “Dəfələrlə məşq etdim ki, bu gün Həzrət Məsumə (s.ə) hərəminin yaxınlığında Quran oxuya bilim. Burada elə hiss edirəm ki, dünyanın bütün Quran qiraətçiləri mənimlədir.”
Müsabiqələr eyni vaxtda iki ayrı zalda davam edirdi. Əsas zalda böyüklərin “təhqiq qiraəti” mərhələsi xüsusi bir ehtişamla keçirilirdi. Gənc qiraətçilərin dərin və peşəkar tilavətləri illərlə davam edən məşqin və ilahi kəlam sevgisinin nəticəsini əks etdirirdi.
Digər zalda isə xüsusi bir həyəcan və enerji hökm sürürdü. Burada yeniyetmələr “təqlidi qiraət” və “münazirə” bölmələrində bir-biri ilə yarışırdılar. Beynəlxalq hakimlər isə diqqət və dəqiqliklə tilavətləri qiymətləndirirdilər.
Qurani-Rəsulların yetişdirilməsi mesajı
Müsabiqənin icraçı katibi Məhəmməd Hadi İslami “İQNA” müxbiri ilə söhbətində vurğuladı: “Zeynul-Əsvaat”ın keçirilməsində məqsədimiz sadəcə adi bir yarış deyil. Biz Qurani-Rəsulların – Quranın və İslam İnqilabının nurani simasını dünyaya tanıdacaq elçilərin yetişdirilməsinə çalışırıq.
Müsabiqənin katibliyinin elanına əsasən, bütün tilavətlər yüksək keyfiyyətlə qeydə alınacaq və “Alul-Beyt (ə)” müəssisəsinin informasiya bazaları vasitəsilə Quransevərlərin ixtiyarına veriləcək. Bu təşəbbüs, mədəniyyət axını yaratmaq və ölkədə qiraət səviyyəsini yüksəltmək məqsədi daşıyır.
4308261