“İQNA”-nın “Acil” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, suriyalı xəttat Məhəmməd Mahir Hazəri on iki ilini Qurandakı ayələri parçanın üzərinə tikməyə sərf edib və yaradıcı bir əsər ərsəyə gətirərək Qurani-Kərimi xəttatlıqla işləmək şərəfinə nail olub.
Hazəri bu il Səudiyyə Ərəbistanında keçirilən 2025-ci il Riyad Beynəlxalq Kitab Sərgisində öz tikmə Quranını nümayiş etdirib. O, Qurani-Kərimi 1998-ci ildə tikməyə başlayıb və 12 illik zəhmətdən sonra 2010-cu ildə bu işi başa çatdırıb.
Hazəri Qurani-Kərimin bütün mətnini parça üzərində tikib və onu 80 santimetr uzunluğunda, 60 santimetr enində hissələrə bölüb.
Bu tikmə Quran 12 cilddən ibarətdir, təxminən 200 kiloqram ağırlığındadır və bir tablo kimi Qurana olan diqqət və ehtiramın mənəvi təsvirini təqdim edir.
O deyib: “Arzum bu işimi Səudiyyə Ərəbistanında sərgiləmək idi və bu il bu fürsət yarandı. Beləcə, Səudiyyə Ərəbistanı Ədəbiyyat, Nəşr və Tərcümə Dərnəyi tərəfindən təşkil olunan Riyad Beynəlxalq Kitab Sərgisi 2025-də iştirak edə bildim.”
Suriyalı xəttat ərəb xəttatlığı sənətindəki fəaliyyətinin təfərrüatlarına toxunaraq bildirib: “Əvvəlcə Qurani-Kərimi yazılı şəkildə köçürdüm və bu işlə ərəb xəttatlığı sənətini öyrəndim, sonra ayələri parça üzərinə tikdim.”
O vurğulayıb ki, bu tikmə Quranla bir çox sərgilərdə iştirak edib və ziyarətçilər tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.
Məhəmməd Mahir Hazəri əlavə edib: Qurandan əlavə, mən 40 hədisi-şərifi, Loğman Həkimin bəzi nəsihətlərini və bir sıra duaları da parça üzərinə tikmişəm.
Qeyd edək ki, Riyad Beynəlxalq Kitab Sərgisi 2 oktyabr 2025-ci ildə Səudiyyə Ərəbistanının “Əmirə Nure bint Əbdürrəhman” Universitetində “Riyad oxuyur” şüarı altında açılıb və 11 oktyabr 2025-ci ilədək davam edəcək.
4308835